Məmmədov Qurbanovdan sonra kimi "qurban" etmək istəyir?

10 Mart 2020 13:12 Köşə 1 900
Məmmədov Qurbanovdan sonra kimi "qurban" etmək istəyir?

Azərbaycan yığması Millətlər Liqasında çox çətin qrupa düşüb.

Bütün komandalar bizdənsəviyyəlidir.

Qrupda ilk yeri tutacağımız mümkünsüzdür. Bu, birmənalıdır. Amma nədənsə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov püşkatmadan razıdır.

Deyir ki, qrupdakı bütün yığmaların səviyyəsi eynidir.

İcraçı vitse-prezident Rövnəq Abdullayev deyil, futboldan nə danışdığını yaxşı bilir. Məmmədov dünənə qədər yığmanın baş məşqçi postunun əcnəbiyə tapşırılmasını istəyirdi.

Yığmanı əcnəbi mütəxəssisə tapşırmaq istəyən Məmmədov qrupdakı rəqibləri belə kiçiltməz. Çünki özü də yaxşı bilir ki, yığmanın bu qrupda heç bir perspektivi yoxdur.

Deməli, yığma “zəif” qrupdan çıxa bilməyəcəyi təqdirdə, əcnəbi baş məşqçi ilə yanaşı, Elxan Məmmədov da tənqid olunacaq. Elə isə icraçı vitse-prezident rəqibləri niyə kiçiltsin?

Hə, xoruzun quyruğunu elə bu sualda görməyə cəhd etmək vacibdir. Böyük ehtimalla, Elxan Məmmədov əcnəbi baş məşqçi məsələsində cəmiyyətin təpkisini nəzərə alaraq, geri addım atıb.

Daha doğrusu, müəyyən müddətə təxirə salıb. Ola bilsin ki, Millətlər Liqasında yığmanın baş məşqçi postunda yerli mütəxəssis olsun.

Heç şübhəsiz, yığma qrupdan çıxa bilməyəcək və cəmiyyətin köpü alınacaq. Bundan sonra Elxan Məmmədov üstünlük qazanacaq.

Yerli mütəxəssis göndəriləcək və əcnəbi gətiriləcək. Təxminən Qurban Qurbanovun “zərərsizləşdirilməsi” planı təkrarlanacaq.

Siyasətdə buna “tülkü bicliyi” deyilir.

Elxan Məmmədov planı mükəmməl qurur, cəmiyyətin köpünü almaq üçün əla manevrlər edir. Amma bu dəfə də kimsə qurban verilməlidir axı.

Bəs kim? Hə, bu məsələyə başqa bir yazıda toxunarıq.

Natiq Muxtarlı

Xəbər Lenti