Qurban Qurbanova qarşı növbəti təxribat

4 Aprel 2022 19:00 Köşə 1 752
Qurban Qurbanova qarşı növbəti təxribat

Futbol ictimaiyyəti yeni plan hazırlayıb.

Əslində bu “yeni” dediyim plan köhnədir. Yenə də Qurban Qurbanova qarşı təxribat hazırlanır.

Qurbanov futbol ictimaiyyətinin ilk təxribatından sağı çıxmağı bacardı. Görünür, cəmiyyət onun sağ qalması ilə barışa bilmir.

Bu ictimaiyyət Qurban Qurbanova qarşı təxribatı onu yığmaya sürükləyəndə etmişdi ilk dəfə. Həmin vaxt hər kəs bilirdi ki, bu yığmanın potensialı yoxdur.

Bu cəhənnəmə, hamı onu da bilirdi ki, AFFA-nın bu rəhbərliyi Qurban Qurbanova işləmək imkanı verməyəcək. Ancaq bunu bilə-bilə kütlə təkid edirdi: Qurbanov yığmaya gətirilsin.

Bəs Qurbanov niyə üzü bu təxribata doğru getdi? Düzü, bu suala hələ də əsaslı cavab tapa bilməmişəm. Amma bir versiyam odur ki, Qurbanov insanlara inanmağının, sadəlövhlüyünün qurbanı olacaqdı az qala.

Yəqin ki, adam inanırmış, inanırmış ki, AFFA rəhbərliyində bir çimdik də olsa dəyər anlayışı var və onlar həqiqətən də futbolu inkişaf etdirmək niyyətindədirlər.

Amma cəmisi 1 ildən sonra 6 illik müqavilə ayaq altına atılanda, bəlli oldu ki, Qurbanov da insanları yaxşı tanımırmış. O vaxtdan bəri AFFA-da heç nə dəyişməyib. Elə yığmada da. Yığma biabırçı nəticələr göstərir. Cəmiyyət də dəyişməyib. Baxıram, yenə də başlayıblar tələb etməyə: Qurbanov yığmaya gətirilsin.

Aşkar təxribatdır. AFFA rəhbərliyi dəyişmədiyi halda Qurbanovun yenidən yığmaya gətirilməsini tələb etməyi başqa cür qiymətləndirə bilmirəm. Cəmiyyət hələ də başa düşməyib ki, Azərbaycanda futbolun inkişafı üçün ilk növbədə AFFA- rəhbərliyi dəyişməlidir?

İlk növbədə onların istefası tələb olunmalıdır. Yığmada Qurban Qurbanov o vaxt uğur qazana bilər ki, AFFA-da Qurban Qurbanov olsun.

Yəni onun ideyasını, düşüncəsini bölüşən adamlar rəhbərlik etsin futbol təsərrüfatına. Siz indiki AFFA rəhbərliyində bu düşüncəni görürsünüz?

Əminəm, “görürük” deyə bilməzsiniz. Bəs onda nə düşmənçiliyiniz var Qurban Qurbanovla? Niyə imkan vermirsiniz ki, bataqlığın içində yaratdığı “Qarabağ”ı inkişaf etdirməyə yox, qorumağa köklənsin?

Deyirəm, amma onu da bilirəm ki, belə tövsiyələr cəmiyyətin vecinə də deyil. Onlar bu təxribatdan – Qurbanovu yenidən yığmaya gətirmək istəklərindən vaz keçməyəcəklər.

Onda mənim tövsiyəm Qurban Qurbanova olacaq. Qurban müəllim, ilk dəfə yığmaya baş məşqçi təyin olunanda yox ha, hətta bu məsələ gündəmə gələndə yazmışdım ki, bu işə qol qoymayın.

Yazmışdım ki, cəmisi bir ildən sonra sizi urvatsız halda yola salacaqlar yığmadan. Belə rəhbərlikdən, başqa nə isə gözləmək mümkün deyildi.

Qurban müəllim, ümid edirəm ki, indi insanlara daha həssas şəkildə inanırsınız, indi aşırı sadəlövh deyilsiniz. İndi əminsiniz ki, bu AFFA rəhbərliyi ilə iş görmək mümkün deyil.

Ona görə də inanıram ki, cəmiyyətin sizə qarşı hazırladığı bu təxribatın qarşısını almaq üçün bir daha əvvəlki səhvi etməyəcəksiniz. Zatən, bu təxribatdan sizi xilas edə biləcək yeganə şəxs də elə özünüzsünüz. Özünüzü qoruyun!

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"