Mahirə boynumuzun borcu olan təbrik!

8 İyul 2021 11:40 Köşə 1 757
Mahirə boynumuzun borcu olan təbrik!

Demişik, yenə də deyirik:

Azərbaycanlı futbolçu lap Qrenlandiya çempionatında oynasın - yəni Biləcəridən o tərəfə çıxsın, onu dəstəkləməyə borcluyuq.

Çünki Biləcəridən o tərəfə həm də Azərbaycanı təmsil edir o futbolçu. Azərbaycanı təmsil edən hər kəs isə dəstəyə layiqdir.

Bizim üçün futbolçu o deyil ki, minimum əmək haqqının 250 manat olduğu ölkədə ayda 15 min manat alıb “xaricdə nə işim var” deyərək, özünü günə versin.

Belələri həm də öz istedadlarından bədgümandırlar. Qorxurlar, qorxurlar ki, Biləcəridən o tərəfə çıxsalar, futbolçu olmadıqları aşkarlanar.

Elə ona görə də azərbaycanlı futbolçular tənqid olunurlar. Tənqidçilərin istəyi nədir?

Bizim də xaricdə futbolçumuz olsun, milyonlar qazansın, halal xoşu, amma yaxşı oyun göstərsin, biz də onun uğuruna sevinək.

Vallah, pis niyyət, istək deyil. A kişilər, sizə nifrət yox, sevgi bəsləmək istəyir də bu xalq. Bundan da gözəl xalq, niyyət ola bilər?

Mahir Emrelini də tənqid edirdik. Qeyzlənirdik Azərbaycanda qalmasına.

Şükür, özündə cəsarət tapdı, getdi Polşaya. Budur, artıq xoş sorağı gəlir.

İndi bizim hünərimiz nədir ki, Mahirin Polşadakı uğuruna sevinməyək? İndi bizim hünərimiz nədir ki, Mahirə sevgi göstərməyək, dəstək verməyək.

Biz bunu istəyirdik də, atam balası.

Bax, indi səni təbrik etmək boynumuzun borcudur, Mahir. Uğurların davamlı, daha böyük olsun. İnan ki, uğurları artdıqca, bizim sevgi və dəstəyimiz də artacaq,

Polşada təkcə özünü yox, həm də Azərbaycanı təmsil edən vətən oğluna. Təbrik edirik, Mahir. Sağ əlin digər azərbaycanlı futbolçuların başına.

Natiq Muxtarlı

Xəbər Lenti