Dəli yığıncağı üçün dəli şeytanın dediyi

15 Fevral 2021 16:00 Köşə 1 514
Dəli yığıncağı üçün dəli şeytanın dediyi

Xaqani Məmmədovun vaxtında hakimlər ən çətin epizodlarda səhvə yol verirdilər, indi isə ən sadə məqamlarda düzgün qərar qəbul edə bilmirlər (Mənə inanmayanlar “Zirə” - “Sabah” oyununa baxsınlar).

Yəqin ki, hakimlər komitəsinin əcnəbi sədrinə ayda 25 min dollar məvacib verməyin formalaşdırdığı inkişafdır bu.

Elə isə biz, məsələn, xaricdən niyə AFFA prezidenti dəvət edib, onda ayda 250 min dollar məvacib verməyək?

***
Azərbaycan klublarının çox fərqli problemləri var. Daha doğrusu dərdləri. Məsələn, “Qarabağ” hücumçu tapa bilmir. Qurban Qurbanov deyir ki, Azərbaycana yaxşı hücumçu gəlmir. İnanmıram bu bəhanəyə. Nöşün ki, o hücumçunu “Sabah” tapıb Azərbaycan gətirir. Kevin Kubemvanı deyirəm. Ən azı Kevin Kubemvanı tapmaq olursa, deməli, axtarmaq lazımdır. “Qarabağ” isə hücumçu axtarmır. Niyə, kimin xətrinə? Day bunu da mən deyəsi deyiləm ki, hər şey göz qabağındadır.

***
“Sabah”ın da bir başqa dərdi var. Bu klub futbolçu tapıb gətirir. Amma icraçı, məşqçi tapa bilmirlər. Bax, ən çətin iş hücumçu tapmaq deyil, ən çətin iş icraçı, məşqçi tapmaqdır. “Qarabağ” ən asan problemin həllində girinc qalıb, “Sabah” da ən çətinin.

***
Elə “Keşlə” də “Sabah”ın günündədir. Amma bir az fərqli. Bu komanda məşqçiləri dəyişir. Uyğun gələnini tapa bilmir. Heç tapmayacaq da. Nöşün ki, elə idarəçilərə uyğun gələcək məşqçilər hələ doğulmayıb. Dərd “Keşlə”nin dərdidir. Bu komandanın dərdinə əlac olması üçün mütləqdir ki, idarəçi dəyişsin. Kim dəyişəcək? Adamlar nə özləri dəyişmək istəyirlər, nə də özlərini dəyişdirmək.

***
Deyirəm ki, AFFA rəhbərliyi “dəli şeytan deyir” deyib ““Keşlə”nin də rəhbərliyinə əcnəbi gətirsin. Ondan sonra bu komandaların uğurlu olacağına zəmanət vermirəm. Amma ona zəmanət verirəm ki, başları dinc olacaq.

Ortada Xaqani Məmmədov nümunəsi var də. Xaqani müəllimin vaxtında ən çətin epizodlarda səhvə yol verən hakimlərə görə AFFA kəskin tənqid olunurdu.

İndi ən sadə məqamlarda səhv edən hakimlərə görə də AFFA-nı qınayan yoxdur. Day nəyi gözləyirsiniz? Pul var? Var. Onda qaldı “dəli şeytan deyir” demək.

“Dəli yığıncağı” üçün elə dəli şeytanın dediyi məqbuldur. Başlayın!

Natiq Muxtarlı

Xəbər Lenti