Turan Manafov «Qəbələ»nin əsas komandasından uzaqlaşdırılıb.
«Qırmızı-qaralar» bu ilin yanvarında icarəyə götürdüyü müdafiəçi ilə faktiki olaraq vidalaşıb.
Buna səbəb onun intizamsızlığa yol verməsidir.
Rəhbərlik baş məşqçi Kaxaber Sxadadzenin raportu əsasında sol cinah oyunçusuna qapını göstərib.
Manafov müqavilə ilə “Stellenboş”a məxsusdur. 27 yaşlı müdafiəçi ötən ilin yayında Cənubi Afrika Respublikasının (CAR) klubu ilə 3 illik kontrakt bağlayıb.
Bu anlaşma 2028-ci ilin iyununa qədər qüvvədədir. U-21 yığmamızın sabiq üzvünun “Qəbələ“ ilə icarə sövdələşməsi iyunadək nəzərdə tutulub.
8000 dollar maaş qarşılığında “qırmızı-qaralar“ın təklifini qəbul edən Turan sonuncu dəfə martın 21-də meydana çıxıb.
O, həmin gün Premyer Liqanın 25-ci turu çərçivəsində “Turan Tovuz“la keçirilən səfər matçının 67-ci dəqiqədə Nuğay Rəşidovun əvəzinə yaşıl sahəyə ayaq basıb. Axır dörd turda isə onun adı iştirak ərizəsinə salınmayıb.
SPORTİNFO.AZ

