Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Sabah” – “Qarabağ” matçında baş verən qalmaqallar hələ də müzakirə olunmaqdadır.
Sportinfo.az xəbər verir ki, matçdan sonra Ağdam klubunun futbolçusu Marko Yankoviçlə qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə arasında yaşanan gərginliyə görə birincinin ağır şəkildə cəzalanacağı şübhəsizdir.
AFFA hakimi ölümlə hədələyən futbolçunu bağışlamayaraq ona ağır cəza tətbiq edəcək. Maraqlıdır ki, Yankoviç oyundan bir gün sonra açıqlama yayaraq Rəvan Həmzəzadənin onu təhqir etdiyini bildirib.
Görünür, Rəvan Həmzəzadənin Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” matçına (1:1) təyinat alması AFFA-nın Yankoviç tərəfindən irəli sürülən iddiaları qəbul etməməsinin nəticəsidir.
Ancaq həmin epizodun yavaşladılmış kadırlarına baxarkən sanki dodaqdan oxunmada Rəvan Həmzəzadənin Yankoviçin iddia etdiyi təhqir səsləndirdiyi görünür (teleqraf).

