“Onların yerində olsam, mən də belə davranaram” - Qara günlər bitdi?

14 Noyabr 2023 20:40 Kəpəz 844
“Onların yerində olsam, mən də belə davranaram” - Qara günlər bitdi?

Gəncəli azarkeşlərin işıqlı günlərə çıxdığını deyə bilərik.

Premyer Liqada ardıcıl məğlubiyyətləri sıralayan “sarı-göylər” 13-cü turda qələbəyə sevindi.

“Araz-Naxçıvan” üzərindəki qalibiyyətlə 11 oyunluq qalibiyyətsizlik seriyası qırıldı.

Bundan bir neçə gün sonra gəncəli fanatların növbəti arzusu çin oldu. Aylardır Azər Məmmədovu istefaya səsləyənlər bundan sonra komandanın “sükanı” arxasında Adil Şükürovu görəcək.

Maraqlıdır, baş verən dəyişikliklərdən sonra gəncəlilər stadionlara qayıdacaq? “Kəpəz”ə əvvəlki dəstəyi verəcəklər?

Komandanın aparıcı futbolçularından olan Latir Fal Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı danışıb:

“Azarkeşlərin qəzəbini, onların bizdən daha artığını istəməsini anlayışla qarşılayıram. Onların yerində olsam, mən də belə davranaram.

Fanatlarımızı sevindirmək istəyiriksə, daha çox çalışmalıyıq. Elə etməliyik ki, məğlubiyyətlər sıralanmasın. Ardıcıl 3-4 oyun uduzanda, qapımızda saysız-hesabsız qol görəndə onlar özlərindən çıxırlar.

Ümid edirəm ki, “Araz-Naxçıvan” üzərindəki qələbə və çempionatda yaranan iki həftəlik fasilə növbəti qalibiyyətlərin başlanğıcı olacaq. Biz yaxşı olduqca, azarkeşlərimiz da yanımızda olacaq”.

“Kəpəz” Premyer Liqanın 14-cü turunda səfərdə “Səbail”in qonağı olacaq. Noyabrın 25-nə nəzərdə tutulan oyun saat 18:30-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti