Ölkə futbolundan xəbərsiz biri “Kəpəz”in rəhbəri İlqar Nadiri ilə istefa vermiş baş məşqçi Azər Məmmədovun mətbuata verdiyi açıqlama-müsahibələri oxusa, dəhşətə gələr.
Düşünər ki, kluba 1 manat pul verən yoxdur, futbolçuları parklarda gecələyir, məşqləri asfaltın üstündə edirlər. Nəyə lazımdır bu qədər “ağlamaq”, uğursuzluğu yersiz bəhanələrlə əsaslandırmaq?
“Kəpəz”in büdcəsi azdır, yaxın duran sponsor yoxdur, şəraitsizlikdir, nə bilim, daha nələr. Uzağa getməyə gərək yoxdur. Ötən mövsüm Premyer Liqada mübarizə aparan “Şamaxı”nı yada salın. Nə gündəydilər?
Ən ödənişli futbolçuları Elvin Məmmədovla Amil Yunanov idi ki, aylıq məvacibləri 3000-3500 manat civarında idi. Heyət Premyer Liqa klublarına lazım olmayan və adı çoxdan futbol kitabından silinmiş futbolçulardan qurulmuşdu.
Yəni maaş büdcəsi “Kəpəz”dəkindən az idi ki, çox deyildi. Amma adamlar futbol oynayırdı, xarakter göstərirdi. Heyət yalnız və yalnız yerli futbolçulardan qurulmuşdu. “Kəpəz”dəki kimi 10 legionerə sahib deyildilər. Mövsümboyu çempionata rəng qatdılar, son tura qədər Premyer Liqada qalmaq iddiasını ortaya qoydular. Hamı “Şamaxı”nın qəhrəmanlığından, məhdud büdcə ilə boyundan yuxarı tullanmasından danışırdı.
Azər və İlqar müəllimlərin uğursuzluqla bağlı digər əsası “Kəpəz”in ev oyunlarını doğma meydanda yox, Tovuzda keçirməsidir. Ki, nəticələrin bu cür olmasında qeyd olunan faktın xüsusi rolu var. Sanki “sarı-göylər” Gəncədə oynayanda nəticələr ürəkaçan idi, Tovuza gedəndən sonra hər şey alt-üst olub.
Qərblilər cari mövsümdə 6 ev oyunundan 5-də rəqiblərini məhz doğma şəhərdə qəbul edib. Açılış turunda “Neftçi”ni udandan sonra ardıcıl 4 görüşdə çempionatın ortabablarına – “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Səbail” və “Qəbələ”yə məğlub oldular. Və bütün yenilgilər Gəncə publikasının gözləri önündə gerçəkləşdi. Tribunaları “istefa” şüarları bürüdü, narazılıqlar pik həddə çatdı.
Bütün bunlar gözlərimizin önündə baş verib, bəylər. Kluba yaxın adamlar tanıyıram ki, məlum naraz ılıq dalğasına və futbolçulara olan təzyiqə görə bütün matçların səfərdə keçirilməsini istəyirdi, “Kəpəz”in səfərdə daha rahat oynadığını iddia edirdi.
Ona görə də büdcənin az olmasını, komandanın Gəncədə oynamamasını və digər amilləri komandanın hazırkı durumuna bəhanə gətirmək lazım deyil.
Reallıqlardan danışın, əsl səbəbləri göstərin.
Deyin ki, məhdud büdcə ilə klubu yönətmək səriştəmiz yoxdur.
Deyin ki, klubun daxilindəki parçalanmaların qarşısını almaqda çətinlik çəkirik.
Deyin ki, məşqçilər seleksiya işində səhvə yol verdiyindən, qapı mövqeyinə iki legioner cəlb etmişik.
Deyin ki, 5 ildir böyük futboldan uzaq düşən Elnur Cəfərovu yenidən futbola qaytarmaq üçün “Kəpəz”i “poliqon meydanı”na çevirmişik.
Deyin ki, Azər Məmmədovla ətrafındakıların ağır yükü qaldırmaq gücündə olmadığını bilə-bilə həmin heyətə güvəndik və çox böyük səhvə yol verdik.
Büdcədən danışanda ötən ilki “Şamaxı”nı, Tovuzda oynamaqdan söz açanda Gəncədəki günlərinizi gözlərinizin önünə gətirin. Amma əsası olmayan bəhanələrlə özünüzü güldürməyin.
Əsas komandanın heyətini qarşısınıza qoyub adlara və legionerlərin sayına baxın. Uğursuzluğun əsl səbəbini anlayacaqsınız.
HƏBİB / SPORTİNFO.AZ

