“Araz-Naxçıvan” Premyer Liqanın 13-cü turunu da məğlub başa vurdu.
Ötəön tur “Sumqayıt”a 0:2 hesabı ilə uduzan Muxtar Respublika təmsilçisi bu dəfə “Kəpəz”ə yenildi – 0:1.
Oyunda diqqətçəkən məqamlardan biri Adama Niane qol vurandan sonra yaşanan epizod idi.
Malili forvard rəqib qapısına yol tapandan sonra sevincini komanda yoldaşları ilə bölüşdü. Həmin an Vurğun Hüseynov ehtiyat oyunçular skamyasından Nianeni səsləyib əlindəki parçanı ona uzatdı.
Adama qol vurduğu qapıya tərəf gedib əlindəki parçanı kameraya göstərdi.
Maraqlandıq və məlum oldu ki, məlum qol sevinci özlüyündə həssaslıq daşıyır.
Belə ki, “Kəpəz”in Qarabağ müharibəsində şəhid olmuş azarkeşi Əmrah Rajabli vaxtilə başına taxdığı bandanın üzərinə öz əlləri ilə klubun loqosunun şəklini çəkibmiş.
Əmrahdan qalan şəhid yadigarı isə hələ də azarkeşlərdədir. Onlar Zəfər Günündə Əmrahın xatirəsini yad etmək və Adamanın qol sevincini bu şəkildə qeyd etməsinə şərait yaratmaqla şəhid fanatın ruhuna ehtiram nümayiş etdiriblər.
Futbolumuzda bu cür halların yaşanması – şəhidlərinin xatirəsinin uca tutulması Azərbaycan xalqı adına xoş hadisədir.
HƏBİB / SPORTİNFO.AZ

