"Kəpəz"in belə adamlara ehtiyacı var

13 Noyabr 2023 23:40 Kəpəz 1 087
"Kəpəz"in belə adamlara ehtiyacı var

“Kəpəz” 11 oyunluq qələbə seriyasına son qoydu.

“Araz Naxçıvan”ın qonağı olan Qərb təmsilçisi minimal hesablı qələbəyə sevindi – 1:0.

Adama Nianenin 75-ci dəqiqədə vurduğu qol qarşılaşmanın taleyini həll etdi.

Şübhəsiz, “Kəpəz” kollektiv olaraq yaxşı bir oyun keçirə bildi.

Bir nəfəri isə xüsusi qeyd etməsəm olmaz.

Məncə, qarşılaşmanın ən yaxşısı, ən çox yorulanı, ən çox güc itirəni Etibar İbrahimov idi.

Azər Məmmədovun istefasından sonra həm onun, həm də rəhbərliyin xahişi ilə gənc mütəxəssis komandanı meydana çıxarmışdı.

Əslən Gəncədən olan çalışdırıcı bütün ruhunu 90 dəqiqə futbolçularına verdi.

Enerjisini meydançaya tökdü.

Məşqçilər üçün ayrılan zonada bir dəqiqə olsun sakit qalmayan mütəxəssis 90 dəqiqə ora-bura var-gəl edərək futbolçularının yanında olduğu göstərdi.

Yanlış ötürmələrində, yanlış qərarlarında alqış çalmaqla yanlarında oldu.

Təbii ki, bir həftədə ciddi nələrisə dəyişmək olmazdı.

Onsuz da İbrahimov Azər müəllimin köməkçisi olub və bu görüşdə də aşağı-yuxarı istefa verən məşqçisinin güvəndiyi adlar meydandaydı.

Növbəti turdan o da Azər Məmmədovun yolunu gedəcək.

Sadəcə gözləmək olardı ki, Etibar müəllim qarşılaşmanı yola verib gedəcək.

Axı gedəcəyi dəqiqləşən bir adamı bu oyuna kökləyəcək hər hansı motivasiya mənbəyi yox idi.

"Qarabağ" önündə darmadağın olmaqla pərişan olan futbolçular Muxtar Respublika təmsilçisi qarşısında da asan təslimiyyəti gözlənilən idi.

Belədə məşqçinin də bir günlük oturduğu postu yola verməsi anlaşılan olacaqdı. Heç növbəti irihesablı məğlubiyyətə görə də Etibar İbrahimova kimsə nəsə deyəsi deyildi.

Amma o nəinki yola vermədi, hətta qələbə ilə vida etmək üçün əlindən gələn hər şeyin artığını etdi.

“Kəpəz” üçün. Özü getdi, amma bu mövsüm komandaya çox vacib qələbə və önəmli 3 xal buraxaraq getdi.

Bugünkü “Kəpəz”in məhz belə fədəkar insanlara ehtiyac var. Şəxsi maraqlar yox, “Kəpəz”in mənafeyin daha üstdə tutan adamlar.

Düşünürəm ki, Azər Məmmədov və korpusu getmək qərarında bir az tələsdi.

Lakin bir şey də dəqiqdir ki, onlar “Kəpəz” üçün daha yaxşı olar deyə getdilər.

Hətta özlərindən, karyeralarından keçdilər.

Təəssüf ki, hazırkı “Kəpəz”in ətrafında belə adamlar azdı. Həm də çox.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti