Birvaxtlar "Kəpəz"də çalışmaq üçün məşqçilər növbəyə durardı.
Nəinki məşqçilər, hətta ölkənin ən istedadlı futbolçuları da burada cəm olardı.
Hədəf çempionluq, kuboklar qazanmaq olardı.
İzdihamlı azarkeşlər də öz yerində.
Təəssüf ki, bütün sadalanan müsbət məqamlar keçmiş zamandadır.
Çünki bu gün futbol şəhərinə heç kim yaxın durmaq istəmir.
Klub rəhbərliyi Azər Məmmədovun istefasından sonra boş qalan posta bir neçə namizədlə danışıq aparsa da müsbət nəticə hasil olmayıb.
Ötən yay şəxsən tanıdığım bir neçə yerli oyunçu da "Kəpəz"ə getməkdə tərəddüd edirdi.
Ya çarəsizlikdən gedirdilər, ya da dost-tanışın hörmətinə.
Sizcə, bütün bunlar təsadüfdür? Əsla!
Gəncə bizim sevimli, qədim şəhərimiz, "Kəpəz" isə tarixi klubumuzdu.
Kim istəməz ki, böyük keçmişi olan bir camiədə çalışmasın?
Əlbəttə, bütün məşqçilər, futbolçular belə ortamda işləməyi arzu edər.
Amma yerli publikanın hərc-mərcliyi, rəhbərliyin səriştəsiz idarəçiliyi həmin arzuları dəfn edir.
Bunun nətisədir ki, mütəxəssislər, futbolçular arzularına, istəklərinə zidd gedirlər.
Hər kəs gözəl başa düşür ki, 15-16 yaşlı yeniyetmə futbolçudan hesab soran, oyunların 5-6-cı dəqiqəsindən əvəzetmə tələb edən, ilk büdrəmədə istefa şuarı səsləndirən kütlənin razılığın almaq, sevimlisinə çevrilmək və ən əsası bu şəkildə bədbinlik ruhuna bürünmüş ab-havada normal komanda formalaşdırmaq, nəticələr vermək müşkül məsələdir.
Aşağı büdcəni, keyfiyyəti aşağı futbolçuları bir yolla idarə etmək, işığa çıxartmaq olar, amma yuxarıdakı kütlə ilə dil tapmaq mümkünsüzdür.
Ona görə də "Kəpəz" camiəsi öncə klubun ətrafın bürüyən pislikdən təmizləməlidir.
Bunun üçün də bacarıqlı olmaqla bərabər, həm də qətiyətli, bəzən də sərt olmağı bacaran klub rəhbəri şərtdir.
İlqar Nadiri haqqında müsbət elementləri özündə formalaşdıran yaxşı insan obrazına sahibdir. Lakin dediyim sərtlik onda yoxdur.
Mülayim olmağın da nəticələri ortadadır.
Məncə, bu klub öncə sadaladığım xüsusiyyətləri özündə birləşdirən rəhbər axtarışına başlamalı, ardınca kütlə təfəkkürü intizama salınmalı, ən sonda isə baş məşqçi axtarışına çıxmaq lazımdır.
XANOĞLAN İMANOV

