“Onların üzünə baxmağa utanıram” - Azərbaycanda oynayan legioner

4 Noyabr 2023 19:40 Kəpəz 800
“Onların üzünə baxmağa utanıram” - Azərbaycanda oynayan legioner

“Azarkeşləri çox yaxşı başa düşürəm.

Onların etirazı, narazılığı normaldır”.

“Kəpəz”in futbolçusu Yeqor Xvalko Sportinfo.az-a açıqlamasında komandasının “Turan Tovuz”a 0:4 hesablı yenilgisindən sonra futbolçulardan hesabat tələb edən azarkeşlər haqda danışıb.

“Sarı-göylər” ev oyunlarını Tovuzda keçirsə də, gəncəli futbolsevərlər “Kəpəz”i dəstəkləmək üçün 70 kilometr məsafəni qət edib qərb derbisini izləməyə gəlmişdi.

Oyun başa çatmamış bir qrup fanat arenanı tərk etsə də, yerdə qalanlar sona qədər dözdü.

Hakimin final fitindən sonra komanda üzvlərini tribunanın qarşısına səsləyib, onlardan bərbad oyunun və biabırçı nəticənin hesabını soruşdu.

Belaruslu legioner azarkeşlərin etirazını artıqlaması ilə qəbul etdiyini bildirib:

“Kəpəz” sıradan komanda deyil. Tarixi şəhəri təmsil edən tarixi klubdur.

Ona görə də insanlar bizdən daim qələbə gözləyirlər. Onlara tam haqq qazandırıram.

Onların yerində mən də olsam, əsəbləşərəm, etiraz edərəm. İnandırım sizi, qələbəni hamıdan çox mən istəyirəm.

Heç bir idmançı rəqibinə məğlub olub, oyundan sonra başını aşağı salmaq istəmir. Döyüşürük, mübarizə aparırıq, hər şey edirik, ancaq alınmır.

Elə vəziyyət yaranıb ki, azarkeşlərimizin üzünə baxmağa utanıram. Premyer Liqada çıxış edib 10 oyun qələbə qazanmamaq, sadəcə, ayıbdır”.

“Kəpəz”də kapitan sarğısını daşıyan 26 yaşlı müdafiəçi cari mövsümdə 12 oyunun hamısında meydanda olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti