“Premyer Liqada oynayan futbolçularımızın sayı azdır.
Təcrübə baxımından çətinlik çəkdiyimiz hiss olunur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin icarə əsasında “Kəpəz”də oynayan futbolçusu Rüfət Əhmədov Azərbaycanın gənclər millisi haqda danışarkən deyib.
Samir Əliyevin rəhbərlik etdiyi U-21 yığmamız AÇ-2025-in seçmə mərhələsi çərçivəsində keçirdiyi 3 oyunda 3 xal toplamağa nail olub.
Milli Şinali İrlandiyaya 0:1, Serbiyaya 0:2 uduzandan sonra sonuncu görüşdə Bakıda Lüksemburq seçməsini 3:2 hesabı ilə məğlub etməyi bacardı. Halbuki, son dəqiqələrə qədər rəqib 2:1 hesabı ilə öndə idi.
Əsas yığmanın şərəfini qoruyacaq gənclərə böyük ümidlər bəslənilsə də, onlar hələ ki, gözlənilən effekti vermir.
Rüfət U-21-in gözlənilən nəticələri əldə edə bilməməsinin səbəblərini göstərib:
“Lüksemburqun heyətində Almaniya, İtaliya, Belçika, Niderland kimi aparıcı futbol ölkələrində top qovan futbolçular var.
Onlar Avropa futbolu görüblər, təcrübə toplayıblar. Bizim millinin ən yaxşıları Azərbaycan Premyer Liqasında top qovur.
O da hamısı yox, bəziləri. U-21-in üzvləri elitada mütəmadi şans qazansa, fikrimcə, daha yaxşı milli görə bilərik.
Digər problem komandada anlaşma probleminin olmasıdır. Klub elədir ki, yay-qış birlikdəyik. Ancaq millinin düşərgəsinə gələndə 3-5 gün toplanış keçirik.
Daim birlikdə oynayasaq, bir-birimizi daha yaxşı başa düşərik. Millimizdə çox yaxşı futbolçular var, onlara güvənmək lazımdır ki, kölgədə qalmasınlar”.
“Kəpəz”in uğurları üçün tər tökən 21 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə Premyer Liqada 8 oyunda forma geyinib.
HƏBİB

