“Kəpəz”in futbolçusu Yeqor Xvalko iki ay əvvəl saytımıza verdiyi maraqlı açıqlama ilə diqqət çəkmişdi.
Belaruslu legioner Gəncədə “Araz-Naxçıvan”a 1:2 hesablı məğlubiyyətdən sonra komandanın yeni qurulduğunu, zamanla uğurlu nəticələrin əldə olunacağını bildirmişdi.
O vaxtdan bu yana 6 tur keçib, lakin nəticələr dəyişməz qalıb. Qərb təmsilçisi 10 oyundur 3 xal üzünə həsrətdir. Və Xvalkonun verdiyi o müsahibədən sonra aktivinə cəmi 2 xal yazıb.
“Turan Tovuz”a ağır yenilgidən sonra (0:4) sentyabrın 3-də dediklərini Yeqorun yadına salıb, vəziyyətin nə vaxt düzələcəyini bir daha soruşduq:
“Bilmirəm, özüm də bilmirəm. Hər məğlubiyyətdən sonra komanda psixoloji zərbə alır.
Oyuna çıxanda söz veririk ki, bu dəfə qalib gələcəyik, uğursuz sindromu qıracağıq. Yekunda yenə yenilgi ilə üzləşirik.
Çempionata qələbə ilə başlamağımız böyük ümidlər vermişdi. Sonra avrokuboklara iddia edən digər üç komanda ilə heç-heçə oynadıq.
Amma əsas rəqiblərimizlə matçlarda heç nə edə bilmirik”.
25 yaşlı müdafiəçinin “Kəpəz” hazırda çempionatın ən zəif komandasıdır” fikrinə münasibəti bu cür olub:
“Bu fikrin qarşısında nəsə düşünmək artıqdır. Turnir cədvəli var, ora baxanda hər şey məlum olur.
Fərqi yoxdur, yaxşı oynayırıq, yoxsa pis. Nəticə yoxdursa, özümüzü təmizə çıxarmağın adı yoxdur”.
“Sarı-göylər”in kapitanı cari mövsümdə “Kəpəz”in heyətində 11 oyunun hamısında iştirak edib.
HƏBİB / SPORTİNFO.AZ

