“Bu cür hesablı məğlubiyyətdən sonra nə deyə bilərəm? Biabır etdilər bizi. Deyəsək başqa söz tapmıram”.
“Kəpəz”in belaruslu legioneri Yeqor Xvalko Sportinfo.az-a açıqlamasında komandasının “Turan Tovuz”a böyük hesablı yenilgisini şərh edib.
Şənbə günü Premyer Liqanın 11-ci turu çərçivəsində Tovuzda baş tutan qərb derbisində meydan sahibləri Gəncə təmsilçisi üzərində 4:0 hesablı parlaq qələbəyə sevindi.
“Kəpəz”in kapitanı oyunun qırılma nöqtəsinin Otto Conun vurduğu birinci qol olduğunu gizlətməyib:
“İlk hissəni pis keçirmədik. Amma paltardəyişmə otağına getməyə hazırlaşdığın anda qapında qol görmək...
Bunu təsəvvür etməyin özü belə ağırdır. Həmin qol komandanı çökdürdü. Fasilədən sonra özümüzə gəlməyə çalışsaq da, bacarmadıq”.
Xvalko uduzmaqlarında əsas səbəbkar kimi özünü və komanda yoldaşlarını görsə də, bu işdə hakimlərin “rolunun” olduğunu etiraf edib:
“Qapımıza vurulan ikinci qol... Düzdür, hələ təkrara baxmamışam.
Top meydanı tərk edən kimi laynsman dərhal autu rəqibin xeyrinə verdi. Hamı gördü ki, top meydanı “Turan Tovuz”un futbolçusuna dəyib tərk etmişdi.
Epizodun davamında top yenə rəqib futbolçuya dəyib meydandan çıxdı, amma qapıdan zərbə yox, qapımıza künc zərbəsi təyin edildi.
Məğlubiyyətdə günahkar kimi hakimləri göstərmək istəmirəm. Bir nömrəli günahkar özümüzük.
Sadəcə, hesab bu cür olmaya bilərdi. Toparlanmalı, irəli baxmalı, vəziyyəti düzəltməliyik”.
26 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə “Kəpəz”in heyətində 11 oyunun hamısında meydanda olub.
HƏBİB

