“Qarabağ”a qol vuran nigeriyalı: “Onları məğlub edə bilərdik”

7 Fevral 2023 16:20 Kəpəz 469
“Qarabağ”a qol vuran nigeriyalı: “Onları məğlub edə bilərdik”

Qarabağ”ı məğlub edə bilərdik. Qol vurmaq üçün imkanlarımız oldu”.

Sportinfo.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Ahmed Ayzaya klubun mətbuat xidmətinə açıqlamasında Premyer Liqanın XXI turunda “Qarabağ”la heç-heçə (1:1) etdikləri oyun barədə danışarkən deyib.

Qarşılaşmada Gəncə klubunun yeganə qolunun müəllifi olan nigeriyalı yarımmüdafiəçi komandasının çıxışını yüksək dəyərləndirib:

“Möhtəşəm oyun oldu. Görüşü 90 dəqiqə ərzində izləyənlər yəqin ki, darıxmadılar, meydandakı mübarizədən zövq aldılar.

Çempionatın lideri ilə görüşdə qazandığımız bir xal yaxşı nəticədir. Məncə, möhtəşəm çıxış etdik. Xala layiq idik.

Çünki meydanda sərf etdiyimiz gücün, əziyyətin sayəsində nəticə qazandıq. Hazırkı mövqeyimizdən daha yaxşısına layiq oyun nümayiş etdiririk.

Mübarizə əzmi yüksək, nəticəyə istəkli olan kollektivimiz var. Azarkeşlər qələbələrə hazır olmalıdırlar”.

Ayzaya vurduğu qolun komandasına xal qazandırmasından sevincli olduğunu vurğulayıb:

“Vurduğum qol barədə çox danışmaq istəmirəm. Mükəmməl zərbə alındı. Komandama nəticə qazandırdığı üçün müəllifi olduğum zərbəyə daha çox sevindim”.

“Kəpəz” hazırda 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti