IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən ağırlıqqaldırma yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib. Azərbaycan Ağır Atletika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, yarışlarda "körpücük" üzərinə 21 ölkədən 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidi.
Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb. Vaxt cədvəlinə əsasən, 13 - 17 mayda yarışlara hər gün saat 12:00-da start veriləcək. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyənləşəcək.
İslamiadada ağırlıqqaldırma yarışlarına çəkisi 56 kq-a qədər olan kişilər start verəcək. 1-ci sessiya mayın 13-də saat 12:00-da başlayacaq. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq. Yarışlar Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının zalında keçiriləcək.
