"Bəlkə də inanmazsız, heç özüm bilmirəm ki..." - MÜSAHİBƏ

12 May 2017 09:24 İslam Oyunları 654
"Bəlkə də inanmazsız, heç özüm bilmirəm ki..." - MÜSAHİBƏ

Sportinfo.az xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan 23 yaşadək futbolçulardan ibarət millimizin Səudiyyə Ərəbistanı ilə görüşdə ilk qoluna imza atan Elşən Abdullayev sualları cavablandırıb.

.
- Oyun küləkli hava şəraitində keçdi. "Bayıl Arena"da həmişə belə külək olur. İlk yarıda küləyə qarşı oynamaq çox çətin idi. Ona görə də istədiyimiz oyunu sərgiləyə bilmədik. Lakin fasilədən sonra istədiyimiz oyunu ortaya qoyduq və qələbə qazandıq. Əlbəttə, ilk qələbə sevindiricidir.

Növbəti rəqib Mərakeş millisi olacaq. Hər ikinizin 4 xalı var. Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Rəqib güclü, texnikalı oyunçulara malikdir. Amma qrupdakı son oyuna da qələbə üçün çıxacağıq. Çalışacağıq ki, qrupda ilk yeri biz tutaq.

Məqsəd qrupdan çıxmaqdır, yoxsa medal götürmək?
- Əlbəttə, medal götürmək. Çünki Vətəndə oynayırıq. Çalışacağıq ki, maksimum irəliləyək. İslamiadanın qalibi olmaq istəyirik.

Komandada əhval-ruhiyyə necədi?
- Bu qələbədən sonra kollektivimizin daha da mehribanlaşacağına və növbəti oyunlara daha istəkli çıxacağımıza inanıram.

Daha təcrübəli 3 futbolçu - Ruslan Abışov, Rəşad Sadiqov və Ağabala Ramazanov sizə nə dərəcədə dəstək olurlar?
- Onlar hər zaman - hətta top itirəndə belə bizə dəstək olurlar, daim yanımızdadırlar. Bu, bizə daha böyük motivasiya verir və oyunlara daha istəkli çıxırıq.

İslamiadada qazanılacaq medallara görə mükafatlar açıqlandı. Bu, oyunqabağı kollektivdaxili motivasiyanın daha da yüksəlməsinə kömək etdi?
- Bəlkə də inanmazsınız: Açığı, heç özüm də bilmirəm ki, mükafatın məbləği nə qədərdir. Sadəcə, Vətəndə oynayırıq. İstəyirik ki, İslamiadanı qələbələrlə başa vuraq. Deyərdim ki, pul bizim üçün o qədər də önəmli deyil.

Bir neçə futbolçu Səudiyyə Ərəbistanının oyunçularına sanki yuxarıdan-aşağı baxır, onlarla dalaşırdı. Komandada nizam-intizamın aşağı olması nədən irəli gəlir?
- Düzdü, kənardan elə görünə bilər. Amma biz bu oyuna o qədər istəkli çıxmışdıq ki, ola bilsin, bundan qaynaqlanırdı.

Amma hesabda 2:0 öndə olduğunuz vaxt da Məqsəd İsayev rəqibə qarşı heç nədən aqressiv hərəkət edirdi...
- Təbii ki, bunlar xoşagəlməz hallardı. Belə halları dəstəkləmirəm. Ola bilsin, istəkdən dolayı baş verir. Məqsəd yaxın dostumdur, bilirəm ki, rəqibə qarşı heç vaxt hörmətsizlik etməz.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"