"İslamiadanı Bakıya salıblarsa, oynamalıyıq da... Variant yoxdu"

10 May 2017 11:48 İslam Oyunları 779
"İslamiadanı Bakıya salıblarsa, oynamalıyıq da... Variant yoxdu"

Sportinfo.az xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığmasının heyətində yer alan Ağabala Ramazanov sualları cavablandırıb.

Qolsuz başa çatan oyun barədə hansı fikirdəsən?

- Oyuna ciddi hazırlaşmışdıq. Hamımız görüşün məsuliyyətini dərk edirdik. İlk oyunlar, adətən, çətin olur. Məncə, heç-heçə də pis nəticə deyil.

Özün də qol epizodundan yararlana bilmədin...
- Hamımız - mən də, komandam da istəyirdik ki, qol olsun. Alınmadısa, gələcək oyunlara baxmaq lazımdır.


Rəqib çox güclü təsir bağışladı. Düşünmürsən ki, futbol yarışının qalibi olmağa əsas favorit elə Kamerundu?
- Ola bilər. Biz də oyundan əvvəl bilirdik ki, Kamerun elə-belə rəqib deyil. Amma deməzdim ki, bizdən çox da güclü oynadılar. Məncə, başabaş mübarizə getdi. Oyunun ədalətli nəticəsi elə heç-heçədir. Çünki rəqibin də, bizim də imkanlarımız oldu. Sözsüz ki, güclü rəqibdirlər. Amma ilk dəfə idi Kamerunla oynayırdıq. Bəlkə Səudiyyə Ərəbistanı Kamerundan da güclü olacaq? Bilmək olmaz...

Oyunu izləyənlər arasında yüksək vəzifəli məmurlar çox idi. Oyundan sonra sizi kim gəlib təbrik etdi?
- AFFA-nın baş katibi Elxan Məmmədov təbrik etdi. Həm rəsmi şəxslər, həm də öz adından təşəkkürünü bildirdi. Oyunumuzdan razı qaldıqlarını da söyləyərək, gələcək oyunlarda uğurlar arzuladı.

İslamiadada medal qazanmaq milli komandamıza nə dərəcədə vacibdir?
- İlk növbədə, öz ölkəmizdə keçirildiyi üçün İslamiadada ilk 3-lükdə yer tutmaq bizim üçün ən vacib məsələ olardı. Hamımız Azərbaycan bayrağı, milli komanda naminə titul qazanmağa çalışırıq. Fərqi yoxdur hansı yığmadır: Əsas, yoxsa U-23. Azərbaycanı təmsil ediriksə, bu, layiqincə olmalıdır.

Rəqiblərə nəzər yetirdikdə, favoritinin hansı komanda olduğunu deyə bilərsən?
- Açığı, heç bir yığmanın oyununu görməmişəm. Çalışırıq ki, maksimum nəticə verək. İslamiada öz ölkəmizdə keçirilirsə, niyə də biz yüksək pillələrdən birini tutmayaq? Axı şüarımız belədi: "Niyə də yox?!" (gülür)

Mövsümün sonunda yorğun olduğunuz bir vaxtda süni örtükdə oynamaq sizə necə təsir edir?
- Məndə yorğunluq o qədər də yoxdu. Çünki son oyunlarda çıxış etmirdim. Amma süni meydanlarda oynamaq yaxşı hal deyil. Qaçandan sonra dayanan zaman dizlərimizdə problem yaranır. Amma nə etməliyik? İslamiadanı Bakıya salıblarsa, oynamalıyıq da... Variant yoxdu.

Ola bilərmi ki, əsas gücünü milli komandanın Şimali İrlandiya ilə seçmə oyununa saxlayasan?
- Yox, mən bunu fikirləşmirəm. Hazırda Şimali İrlandiyanı yox, İslamiadanı düşünürəm.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"