"Sumqayıt" IV İslam Həmrəylik Oyunlarının iştirakçısı olan Kamerunun U-23 millisi ilə yoxlama oyunu keçirəcək. Sportinfo.az xəbər verir ki, qarşılaşma mayın 5-də saat 18:00-da "Kapital Bank Arena"da baş tutacaq.
Bunu Premyer Liqa klubundan AFFA xahiş edib. Viza məsələləri ilə əlaqədar Azərbaycana bir qədər tez gələn afrikalılar İslamiadanın startınadək oyun praktikası qazanmaq istəyib ki, belədə federasiya "Sumqayıt"ı seçib.
Yığmamız A qrupunda yarışacaq. Yaşar Vahabzadənin yetirmələri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə qarşılaşacaq. Turnirin futbol yarışları mayın 8-dən başlanacaq.
Açılış matçında millimiz Kamerunlu həmyaşıdları ilə oynayacaqlar. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpaz üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.
