Məlum olduğu kimi, may ayının 12-dən 22-dək Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Beləliklə, Oyunlara artıq sayılı günlər qalıb. Maraqlıdı, görəsən tanınmışlardan kimlər bu yarışı izləməyə qatılacaq?
Sportinfo.az xəbər verir ki “Yeni Müsavat” bununla bağlı bir neçə tanınmış şəxs arasında sorğu keçirib. Xalq yazıçısı Anar sorğumuza bu cür cavab verdi: “Mən idmançı deyiləm. Amma tamaşaçı kimi dəvət olunsam, gedəcəm”.
Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd etdi ki, böyük ehtimalla yarışları izləyəcək: “Çünki mən daha çox futbol oyunlarına maraq göstərirəm”.
QAT sədri Akif Nağı isə yarışları izləyəcəyini bildirdi: “İdman yarışlarına marağımız var. Hesab edirik ki, İslam Oyunlarının keçirilməsi yerinə düşür. Bununla bağlı ”İslam həmrəyliyi və Qarabağ" mövzusunda tədbirimiz oldu. İlboyu yenə də olacaq və bizim mövqeyimizə uyğundur. İslam ölkələriniz bir araya gəlməsi, Azərbaycanın buna təşəbbüs etməsi çox müsbət haldır. Buna görə də imkan daxilində yarışları izləyəcəm".
Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev də yarışları izləməyəcəyini dedi. Səbəbini isə bu cür qeyd etdi: “Mənim idman yarışlarından heç başım çıxmır. Yəni idman pərəstişkarı olmadığımdan yarışlara baxanda heç nə başa düşmürəm. Mən ömrümdə bir dəfə olsun belə heç bir idman yarışında, heç futbolda da olmamışam”.
Avropa.info saytının rəhbəri Ruslan Bəşirli izləyəcəyi yarışları açıqladı: “Ölkəmizdə belə dünya miqyaslı tədbirlərin keçirilməsi müsbət haldır. Bu, həm də ölkəmizin beynəlxalq miqyasda tanınması baxımından əhəmiyyətlidir. Mən İslam oyunlarının məhz Azərbaycanda keçirilməsini müsbət hadisə hesab edirəm. İslam oyunlarını izləməyə gəlincə, mən futbolu izləməyi xoşlayıram. Yəqin ki, İslam Oyunları zamanı vaxt tapıb bir neçə maraqlı matçı izləməyə gedəcəm. İlk növbədə böyük ehtimalla Azərbaycanın 21 yaşlılardan ibarət futbol millisinin və Türkiyə millisinin matçlarını izləməyə çalışacam”.
Əməkdar artist, müğənni Nüşabə Ələsgərli isə oyunları televiziya ekranlarından izləyəcəyini dedi: “Mən həmişə idman oyunlarına marağım olub. Əsrlərdir ki, alimlər, ictimaiyyət bildirir ki, idman həmişə xeyirlidir, sağlamlıqdır. Nə qədər gənc idmana cəlb olunsa, pis vərdişlərdən uzaq qalar, onlara meylləri olmaz. Mən əsasən televiziya ekranlarından izləyəcəm.
Özünüz bilirsiz ki, ailəmdə bir-birinin ardınca ağır itkilər oldu. O əhval-ruhiyyədə deyiləm ki, yarışları idman salonlarından izləyim. Amma əhval-ruhiyyəm yaxşı olsaydı, əlbəttə ki, bilet alıb yarışları yaxından, canlı olaraq izləyərdim. Məsələn, bundan əvvəl Avropa Oyunlarını izləməyə getmişdim. Amma indi məlum səbəblərdən yarışlara və digər yerlərə getmirəm”.
