"Deyəsən, xalqımız ulduzları çox sevir. Ancaq belə suallar verirsiz" - Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimində əcnəbi müğənnilərin mümkün iştirakı barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, mayın 12-də keçiriləcək mərasimdə hər hansı yerli və xarici ulduz olmayacaq: "Bu, elə səpkidə şoudur ki, orada oxumaq olmayacaq. Amma Bağlanış Mərasimində yerli ulduzlar ola bilər".
Nazir müğənni Ledi Qaqaya "Bakı 2015" I Avropa Oyunlarının Açılış Mərasimində 1 milyon dollar verildiyinə dair fikirlərə də münasibət bildirib: "Həmin ulduzların müqavilələrində qeyd olunur ki, məbləğ açıqlanmır. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Kommersiya sirridi. Qiyməti 30 minə qədər olan müğənnilər Bakıya gələ bilər".
