Yeni mövsümə Ramiz Məmmədovun rəhbərliyi altında başlayacaq “Karvan-Yevlax”ın məşqçilər korpusu müəyyənləşib.
Məqsəd Yaqubəliyev yenə Məmmədovun əsas yardımçısı olacaq.
R.Məmmədov “Şamaxı” və son olaraq, “Mingəçevir”dəki kimi, yenə onunla birgə işləməyə üstünlük verib.
Premyer Liqaya qayıtmaq iddiasında olan Yevlax təmsilçisi ilə yenicə müqavilə bağlamış mütəxəssis Mehman Baxışovu da özüylə bura gətirib.
Qapıçılar üzrə köməkçiyə gəlincə, R.Məmmədov köhnə tanışını “Karvan“a qaytarıb. Söhbət Hüseyn Məhəmmədovdan gedir.
İkinci ötən ilin iyun-noyabr ayları ərzində “sarvanlar“ın uğuru üçün çalışıb. Azər Həşimovun korpusunda yer almış Məhəmmədovla o, vaxtilə həm “Kəpəz“də, həm də millidə çiyin-çiyinə çıxış edib.
Ramiz Məmmədovun rəhbərliyi altında Birinci Liqadakı mübarizəni ikinci pillədə tamamlayan “Mingəçevir” Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.
Elitada “Karvan-Yevlax”ın “sükanı arxası”nda olan və komandanın Birinci Liqaya yuvarlanmasının qarşısını ala bilməyən Füzuli Məmmədov isə Aran təmsilçisini “Şahdağ Qusar”a dəyişib.
SPORTİNFO.AZ

