Millimizin oyunçusunu təmənnasız sünnət edən adam nə danışdı?

19:20 Hadisə 131
Millimizin oyunçusunu təmənnasız sünnət edən adam nə danışdı?

Bir zamanlar “Qəbələ”də çıxış etmiş Abdelkader Kamaranın oğlu Mustafanın U-21 millimizə dəvət alması çoxlarını təəccübləndirdi.

Amma qvineyaəsilli futbolçunun Azərbaycanda - Mingəçevirdə dünyaya gəldiyini çoxları bilmir.

Belçika "Sent Trüden"inin yarımmüdafiəçisi hətta məhz "Nur şəhərində" sünnət olub.

Sports.az Mustafa Kamaranı müsəlman edən həkimi tapıb.

Əbdülqədir Soltanov Tibb Universitetini bitirmiş cərrah-onkoloqdu. Birinci Qarabağ müharibəsi iştirakçısıdı.

Mingəçevirdə, Bakıda və Horadizdə müxtəlif vəzifələrdə çalışıb.

Əbdülqədir həkim tanınmış futbolçu və məşqçi Azər Həşimovun atası ilə dost olub.

Mustafanı da müsəlman etmək üçün məhz Abdelkader Kamara ilə o zaman bir yerdə çıxış etmiş Azər Həşimov xəstəxanaya aparıb.

Həşimov deyir ki, Abdelkaderin o zaman yetərincə yaxşı qazancı olsa da, həkim Mustafanı təmənnasız sünnət edib.

Əbdülqədir Soltanovu dinləyək.

- Azər Həşimovun atası rəhmətlik Rasim kişi ilə dost idik. Azəri uşaqlıqdan tanıyıram. Mustafanı da yanıma o gətirdi. Dedi ki, atası da adaşındı. Maraqlı təsadüf oldu, hamımız güldük. O başqa qitədən, dövlətdən, amma ikimiz də müsəlman, adlarımız da eyni.

Bu ilk dəfə deyildi ki, hansısa tanınmış futbolçunun doğmasını əməliyyat edirdim. Bakıda Onkoloji xəstəxanada işləyəndə professor İbadulla Ağayevlə birgə rəhmətlik Anatoli Banişevskinin qardaşını əməliyyat etmişdik. O zaman Banişevski mənə öz köynəyini hədiyyə vermişdi.

Mustafa Kamara kimi Yuri Romenski də Mingəçevirdə dünyaya gəlib. Onunla da münasibətimiz vardı.

Özüm cüdoyla məşğul olmuşam, futbol da oynamışam. Amma məhəllə, "JEK" komandaları səviyyəsində.
İndi futbol üzrə Avropa, Dünya çempionatlarını izləyirəm. Azərbaycan millisini də həmçinin.

"Qarabağ"ın tərəfdarıyam. Ağdamlıların uğurlarına çox şad oluram. Qurban Qurbanovla Zaqataladan tanışlığım var. Mənim də bir tərəfim o bölgədəndi. İmkan olanda "Qarabağ"ın oyunlarına da gedirəm.

Futbolumuzla bağlı arzularım çoxdu. İstəyərdim ki, Azərbaycan millisi də Özbəkistan kimi Dünya Çempionatının final mərhələsində iştirak etsin.

Çox mədəni, intelligent insan olan Əbdülqədir Soltanovun tamam başqa qitədən, ölkədən Mingəçevirə gəlmiş bir ailənin kiçik övladını təmənnasız əməliyyat etməsi, Hippokrat andına sədaqəti bütün həkimlərimiz üçün örnək sayıla bilər.

Bizə də Əbdülqədir Soltanova "Sağ ol, ay həkim!" deyib, uzun ömür, cansağlığı arzulamaq qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti