Henri Ford haqqında məşhur bir idarəçilik fəlsəfəsi var: rəhbər heyəti məzuniyyətə göndərir və onların yoxluğunda sistemin necə işlədiyini müşahidə edir.
Əgər hansısa şöbədə rəhbər olmayanda iş dayanır və ya performans aşağı düşürdüsə, həmin rəhbərin sistemi düzgün qura bilmədiyi qənaətinə gəlirdi.
Əksinə, rəhbərsiz də iş ahəngdar şəkildə davam edirdisə, bu, həmin rəhbərin güclü idarəçilik bacarığının göstəricisi sayılırdı.
Bu yanaşma bizə bir həqiqəti xatırladır: yaxşı rəhbər elə sistem qurmalıdır ki, hər şey yalnız bir şəxsdən asılı olmasın.
Proseslərin sistemləşdirilməsi, səlahiyyət bölgüsü, peşəkar komandanın formalaşdırılması, idarə heyətinin düzgün təşkili və vəzifə bölgüsünün dəqiq aparılması uğurlu idarəçiliyin əsas prinsiplərindəndir.
Bu mənzərə istər-istəməz Peşəkar Futbol Liqasının son dövrlərdə yaşadığı çətin günləri yada salır. PFL-in idarə heyətinin və prezidentinin ağır yol-nəqliyyat hadisəsində ciddi xəsarətlər almasına baxmayaraq, qurumun fəaliyyəti dayanmadı.
Əksinə, əməkdaşlar daha böyük məsuliyyət və əzmlə çalışaraq sistemin necə peşəkar qurulduğunu nümayiş etdirdilər. Ciddi xəsarətlər alan Elxan Səmədov uzun müddət xəstəxanada müalicə alsa da, PFL-də iş prosesi axsamadı.
Bu isə bir daha göstərdi ki, qurumda formalaşdırılmış struktur və komanda işi təsadüfi deyil, uzun illərin zəhmətinin nəticəsidir.
Peşəkar Futbol Liqası yarandığı gündən etibarən Azərbaycan futbolunda mühüm rol oynayıb və ölkə idmanının ən peşəkar kollektivlərindən birinə çevrilib.
Lakin bu qurumun daha müasir və daha peşəkar səviyyəyə yüksəlməsi üçün incə, amma vacib toxunuşa ehtiyac var idi. Bu dəyişiklik 2022-ci ilin iyul ayında Elxan Səmədovun PFL-in ikinci prezidenti seçilməsi ilə başladı.Elxan Səmədov ilk gündən fərqli idarəçilik üslubu ilə diqqət çəkdi.
Səmimiyyəti, az danışıb çox iş görməsi, təhsilə və intellektual yanaşmaya üstünlük verməsi qısa müddətdə öz nəticəsini verdi. O, kiçik görünən, amma strateji əhəmiyyət daşıyan addımlarla PFL brendini daha keyfiyyətli və müasir səviyyəyə qaldırmağa başladı.
Məhz onun rəhbərliyi dövründə PFL-in yeni dizaynda, informasiya baxımından zəngin və funksional rəsmi saytı istifadəyə verildi.
“Misli” brendi Premyer Liqanın sponsoru oldu, uzun illərdən sonra Azərbaycan Kubokuna titul sponsoru cəlb edildi. Birinci Liqa və Əvəzedicilər Liqasının formatında yeniliklər edildi, region klublarının daha fəal iştirakını təmin edən İkinci Liqa yaradıldı.
Ən vacib məqamlardan biri isə bütün liqalarda idman prinsiplərinin qorunması oldu. Bu yanaşma çempionatlarda rəqabəti və intriqanı artırdı.
PFL bayrağı altında keçirilən bütün oyunların rəsmi YouTube kanalı vasitəsilə canlı yayımlanması, Premyer Liqanın mərkəzi qarşılaşmalarında statistik göstəricilərin tamaşaçılara təqdim olunması Azərbaycan futbolunda yeni media standartları formalaşdırdı.Media nümayəndələri daim diqqətdə saxlanıldı, regionlarda keçirilən oyunlarda jurnalistlərin iştirakı üçün şərait yaradıldı.
Ən əsası isə heç bir kluba adına, statusuna və ya turnir cədvəlindəki mövqeyinə görə fərqli münasibət göstərilmədi. Bu da futbol ictimaiyyətində daha sağlam və şəffaf mühitin formalaşmasına səbəb oldu.
Misli Premyer Liqasında maraqlı və gərgin qarşılaşmaların sayının artması stadionlara azarkeş marağını da yüksəltdi. Futbola olan inam və maraq yenidən formalaşmağa başladı.
Burada sadalananlar Elxan Səmədovun PFL prezidenti kimi fəaliyyətinin ilk mərhələsində görülən işlərin yalnız bir hissəsidir. Azərbaycan futbolunda həllini gözləyən problemlər hələ də kifayət qədərdir.
Lakin ümid böyükdür ki, Elxan Səmədov və onun peşəkar komandası gələcəkdə də bu problemlərin həlli istiqamətində mühüm addımlar atacaq, Azərbaycan futbolunun inkişafına öz töhfəsini verməyə davam edəcək.
SPORTİNFO.AZ

