“Sportinfo”ya zəng edən direktor: “Qaçmamışam, burdayam”

21:20 Hadisə 199
“Sportinfo”ya zəng edən direktor: “Qaçmamışam, burdayam”

II Liqanın başıbəlalı klubu “Sheki City”də vəziyyət dəyişməyib.

Klubun futbolçulara olan 4 aylıq maaş borcu ucbatından topçular məşqləri və oyunları boykot edirlər.

Futbolçuların redaksiyamıza verdiyi məlumatda bu işin başında klub rəsmisi Zamin Əsədullayevin dayandığı və maliyyə yeyintiləri ilə bağlı xəbər ortaya çıxandan sonra həmin şəxsin ölkədən İspaniyaya qaçması iddia olunub.

Yazı saytımızda dərc olunandan sonra Zamin bəy əməkdaşımızla əlaqə saxlayaraq haqqında deyilənlərin doğru olmadığını söyləyib:

“Haqqımda dərc olunan yazı ilə bağlı fikirlərimi bildirmək istəyirəm.

Hər şeydən əvvəl deyim ki, mən “Sheki City”nin icraçı direktoru yox, direktoruyam. Və tutduğum vəzifədən ayrılmaqla bağlı ərizəni təxminən 10 gün əvvəl yazıb, təsisçiyə təqdim etmişəm.

İspaniyaya yollanmamışdan öncə həm təsisçiyə, həm də klubun rəhbərinə ölkə xaricinə yollanmağımla bağlı xəbər vermişdim.

Əslində, klubun rəhbəri Rövşən Abdullayev də İspaniyaya gəlməliydi və futbol layihələri ilə bağlı San-Sebastyan şəhərində görüşməliydik.

Rövşən bəy gələ bilməsə də, mən İspaniyaya yolldandım. Çünki öncədən danışılmış və razılaşdırılmış görüş idi. Ümumiyyətlə, hər il oktyabr, noyabr, dekabr aylarında İspaniyaya səfər edirəm. Bu, sırf şəxsi işlərimlə bağlıdır.

Saytınızda haqqımda yazılan “İspaniyaya qaçıb?” şübhəsi həqiqəti əks etdirmir.

Kluba ayrılan pulların istiqaməti üzrə xərclənmədiyi də həmin yazıda qeyd olunub. Bildirmək istəyirəm ki, nəzərdə tutulan vəsait razılaşdırılaraq istiqaməti üzrə xərclənib.

Lakin sonradan lazım ödənişlər edilmədiyi üçün klubun borcu yaranıb və artıb. Belə olan təqdirdə futbolçular arasında narazılıq baş qaldırıb.

Bir daha deyirəm, İspaniyaya səfərim layihələrlə bağlı nəzərdə tutulmuş plan idi. Sadəcə Rövşən Abdullayevin səfəri alınmadığı üçün görüşə bilmədik. Artıq Azərbaycandayam, heç yerə qaçmamışam”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti