Uzun müddətdən sonra doğma stadionda oynayacaq "Karvan-Yevlax"ın Premyer Liqanın XII turunda baş tutacaq "Kəpəz"lə matçından öncə konsert proqramı təşkil ediləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Yevlax təmsilçisinin vitse-prezidenti Kənan Kərimov məlumat verib.
Klub rəsmisi doğma meydana qayıdışı xüsusi qeyd edəcəklərini vurğulayıb:
"Oyun günü açılış mərasimi olacaq. Konsert proqramı da nəzərdə tutulub. Təşkilati işlər klubla İcra Hakimiyyəti arasında razılaşdırıldığı üçün çox məlumatım yoxdur. Düşünürəm ki, yaxşı mərasim olacaq".
O, "Kəpəz"lə matçın hazırlıqlarına da toxunub:
"Çalışacağıq ki, doğma meydanda keçirdiyimiz matçda qələbə qazanaq. Zədəli futbolçularımız, müəyyən itkilərimiz var.
Uzun müddətdən sonra doğma meydana qayıtmaq bizim üçün çox sevindiricidir. Demək olar ki, bütün görüşləri səfərdə keçirirdik.
Motivasiya baxımından azarkeş dəstəyinə böyük ehtiyacımız var idi. Üstünlüyümüz də bu olacaq.
Səfərdə oynadığımız üçün çox vaxt hesabda öndə olduğumuz matçlarda xal itirirdik. Çalışacağıq ki, azarkeşlərin də dəstəyi ilə xallar yığıb Premyer Liqada qalaq".
K.Kərimov stadionda təmir işlərinin davam etdiyini də söyləyib:
"Artıq projektorların quraşdırılmasına start verilib. Çox güman, yaxın günlərdə bu məsələ həllini tapacaq.
Xırda çatışmazlıqlar ola bilər. Amma stadionla bağlı ciddi problemlərimiz yoxdur".
XII turun "Karvan-Yevlax" - "Kəpəz" matçı noyabrın 21-də Yevlax şəhər stadionunda keçiriləcək.

