Solbakkan Qattuzonu necə məğlub etdi?

02:30 Hadisə 79
Solbakkan Qattuzonu necə məğlub etdi?

Azərbaycan milli futbol komandasının Fransanın ordan-burdan yığma-yığışdırma komandası ilə oyununu uzun-uzun şərh etmək fikrim yoxdur. Hər şeyi özünüz gördünüz.

Qısaca deyim ki, bizim uşaqlar bacardıqları qədər yaxşı oynadılar, necə deyərlər, əllərindən gələni etdilər və yaxşı hesabla uduzdular. Ermənistan millisinin Portuqaliyada düşdüyü günə düşmədilər. Buna da şükür.

Açığı, oyunun birinci hissəsində “fransız”ların ard-arda, o cümlədən əllə vurduqları qolları seyr edərkən, təxmin edirəm ki, istəinilən azarkeşin ürək-damar sistemində gizilti əmələ gəlib. Çünki bu gedişlə hesab, türkün sözü, açıq fərqə gedirdi, az qala biabırçılıq olacaqdı.

Yaxşı qurtardıq və bunu görə millimizin yeni baş məşqçisi Ayxan Abbasova təbrik düşür.

Ancaq indi bir başqa məşqçidən danışacağıq. Bu, Norveç millisinin dünyada məşhur olmayan baş məşqçisi Stole Solbakkandlr.

Futbolsevərlərin bildiyi kimi, dünən gecə Norveç millisi Milanda İtaliya millisini 4:1 hesabı ilə məğlub edib və gələn il keçiriləcək mundiala vəsiqə qazanıb.

Oyuna baxmayanlar bunun necə baş verdiyi bilməz, heç təsəvvür də etməzlər.

Bu qələbə oyunçuların, halland-mallandların qazandığı qələbə deyildi, sırf Stole kişinin stola qoyub izah etdiyi oyun strategiyası və taktikasının məhsuluydu. Açıq-aşkar beləydi. Mübahisə edən varsa, gəlsin, debata çıxaq.

Oyunun 1-ci dəqiqəsiydi, top norveçlilərin əlinə düşmüşdü və onlar vaxtı uzadırdılar. İrəlidə hələ diricə 90 dəqiqə və üstəgəl, hər iki hissəsinin sonuna əlavə ediləcək artırma dəqiqələri vardı. Qapıçı topu oyuna ləng daxil edirdi, müdafiəçi aut atmağı gecikdirirdi, oyunçular irəli çıxmır, məşq edirmişlər kimi, arxada bir-birinə ötürmə edirdilər. Belə şeyləri adətən oyunun son 10 dəqiqəsində, sərfəli hesabı qorumaq üçün edərlər. Norveçlilər bu yola ilk 10 dəqiqədə girmişdilər.

Çünki Solbakkan onlara belə tapşırmışdı, demişdi, tələsməyin, səbrli olun, fürsət gözləyin, rəqibin çılğınlaşmasına çalışın.

Hətta norveçlilər oyunun 11-ci dəqiqəsində qapılarında erkən qol görəndə də tövrlərini pozmadılar, 1-ci hissənin axırına qədər azarkeş söyüşü qazana-qazana sönük antifutbol oynadılar, hesabı bərabərləşdirməyə can atmadılar.

İkinci hissədə Hallandgil bir az fəallaşsalar da, yenə təmkinli, səbrli idilər, sanki məğlubiyyət onlara sərf edirdi.

Ancaq matçın 63-cü dəqiqəsində sanki Norveç millisinin içindən cin çıxdı. Vikinqlər hesabı bərabərləşdirdilər. Düzdür, qolu vuran Nusa əsmər bənzli şərqliydi və vikinqə oxşamırdı, amma kişinin oğlu o biri saf qanlı norveçlilərdən yaxşı oynayırdı.

Sonra meydana tərifli Hallanda çıxdı – məcazi mənada. Ona qədər o, meydandaydı, amma çox görünmürdü, görünəndə də mütləq kiminləsə mübahisə edirdi, kiməsə cüdo fəndi tətbiq edirdi, ya da onu qaydasız döyüşdəymiş kimi boğurdular. Erlinq 78 və 79-cu dəqiqələrdə ard-arda iki qol vurdu, sanki qızmış italyanların üstünə soyuq su püskürtdü. Buna qədər meydanın qırağında çılğın-çılğın ora-bura addımlayan, qışqırıb-bağıran Cennaro Qattuzonun (italyan baş məşqçi) da tasa-pasası yatdı.

Sonra daha bir qol gəldi və məsələ bitdi.

Stole Solbakkan italyanları belə aldatdı. Oyunun əvvəlində heç-heçəyə, hətta kiçik hesablı məğlubiyyətə razıymış kimi görünən Norveç millisi sonda böyük hesablı parlaq qələbə qazandı.

Qələbəni belə qazanarlar. Atletik cüssəli, at qıçlı hücumçular, yorulmaq bilməyən yarımmüdafəçilər, qaya kimi müdafiəçilər, pişik kimi qapıçılar hələ hər şey demək deyil. Strategiya və taktiki fəndlər də önəmlidir – özünü zəif göstərərək rəqibin başının altına yastıq qoymaq, qəfildən sıçrayıb ağır zərbə endirmək. Müasir futbol şahmat kimidir, ən azı, yarıbayarı intellektual oyundur.

Beləcə, oyunun gedişinə sol-sol baxan Solbakkanın intellekti Qattuzonunkundan qat-qat güclü çıxdı.

Samir SARI

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!