Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı “Karvan-Yevlax” tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Bu müddət ərzində Peşəkar Futbol Liqası tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.
4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb.
Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.
Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir.
Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsini nəzərə alan PFL bildirib ki, “Karvan-Yevlax” Premyer Liqanın 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

