
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Şelburn” baş məşqçisi Damyen Daffla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, İrlandiya klubunun mətbuat xidməti 46 yaşlı mütəxəssisin istefa verdiyini açıqlayıb.
Daff bununla bağlı qərarını rəhbərliyə və futbolçu heyətinə çatdırıb. Klubun İdarə Heyəti iclas keçirərək onun istefasını qəbul edib.
“Şelburn” 2021-ci ildən komandaya rəhbərlik edən və 2024-cü ildə İrlandiya çempionluğunu qazandıran Daffa təşəkkürünü bildirib. Yeni baş məşqçinin kimliyi isə hələ bəlli deyil.
“Şelburn” Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali İrlandiya klubu “Linfild”lə qarşılaşacaq. Bu cütün qalibi II raundda “Qarabağ”a rəqib olacaq.