
Minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımov teleqraf-a müsahibə verib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı qolkiper çempionluq və Prezident İlham Əliyevlə görüş barədə təəssüratlarını bölüşüb, minifutboladək keçdiyi peşəkar futbolçu karyerasından bəhs edib:
- İyunun 2-də dünya çempionluğu münasibəti ilə Prezident İlham Əliyev tərəfindən qəbul olundunuz. Görüşlə bağlı təəssüratlarınız necədir?
- Bu, həyatımın ən qürurlu və unudulmaz günlərindən biri oldu. Minifutbol üzrə dünya çempionu kimi cənab Prezidentlə görüşmək mənim üçün təkcə şəxsi uğur deyil, bütün Azərbaycan gənclərinin qələbəsi idi. Cənab Prezidentin səmimiyyəti, gənclərə və idmana verdiyi dəyər bizi daha da ruhlandırdı. Bu görüş zamanı hiss etdim ki, üçrəngli bayrağımızı ucalara qaldırmaq təkcə meydanda yox, ürəkdə baş verir. Bu gün bir daha anladım: Azərbaycan qalib ölkədir və onun övladları daim zirvələrə layiqdir!
- Komanda üzvlərini ayrı-ayrılıqda təbrik etdiyi vaxt dövlət başçısının sizinlə qısa dialoqu oldu. Prezident sizə nə dedi?
- Cənab Prezident "Sən qapıçısan, özü də qol vuran" dedi. Mən də "bəli" cavabını verdim. Dövlət başçısı yarımfinalda Monteneqronun qapısına vurduğum ilk qolu nəzərdə tuturdu. Özünün də dediyi kimi, son 4 oyunumuzu izləyib. Bizimlə çox səmimi oldu. Ona bir daha təşəkkür edirik.
- Ümumilikdə dünya çempionatının gedişatı barədə nə deyərdiniz: Ən çətin görüşünüz hansı komandaya qarşı oldu?
- Çox maraqlı və ağır keçən dünya çempionatı oldu. Bütün rəqiblərlə oyunlarımız ağır alındı. Bizdən əvvəlki dünya çempionu Rumıniya ilə oyunumuzu bu baxımdan xüsusi fərqləndirərdim. Amma çox sevinirəm ki, penaltilər seriyasında qələbə qazanaraq, layiqli nəticə göstərə bildik.
- 2023-cü ildə BƏƏ-də keçirilmiş dünya çempionatında da iştirak etmisiniz. Bu iki mundial bir-birindən hansı cəhətlərinə görə fərqlənirdi?
- Bakıdakı dünya çempionatında təşkilatçılıq çox yüksək səviyyədə idi. Komandaların çox hazırlıqlı gəlmələri də diqqət çəkdi. Bir sözlə, çox maraqlı dünya çempionatı keçdi.
- Qapıçı mövqeyində siz də, Vəli Qafarov da meydana çıxırdınız. Baş məşqçi Elşad Quliyev üçün rotasiya etmək çətinlik törətmirdi?
- Əlbəttə, Vəli də çox yaxşı qapıçıdır. Qapıda kimin duracağını hər oyundan öncə deyirdilər. Biz də üzərimizə düşən yükün öhdəsindən gəlməyə çalışırdıq.
- Bir qədər də peşəkar futbolçu karyeranız barədə danışardınız...
- Uşaq yaşlarımda "İnter"in (hazırkı "Şamaxı" - red.) heyətində çıxış etmişəm. 14 yaşımda "Qarabağ"a transfer olunmuşam və hətta Ağdam komandasının sifariş ərizəsində də yer almışam. Hətta Azərbaycanın U-17 və U-19 yığmalarında da çıxış etmişəm. Sadəcə, boy problemim olduğundan, böyük futboldan uzaqlaşmalı oldum. 2022-ci il Avropa çempionatından sonra minifutbol millimizə çağırılmağa başlamışam. Bununla yanaşı, "Qusar" və "Şimal" komandaları ilə AFFA Region Liqasının qalibi olmuşam.
- Bundan sonrakı karyeranız barədə nə düşünürsünüz?
- Sabah nə olacağını bilmirəm, amma hələlik minifutboldayam. Bacardığım qədər milli komandamız və klubum "Zirə" üçün əlimdən gələni edəcəyəm.
- Dünya çempionluğu qarşılığında, sirr deyilsə, sizə nə qədər mükafat vəd olunub?
- Bizə hər zaman çox böyük dəstək olduqları üçün Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Hələlik mükafat almamışıq deyə, bu barədə bir söz deyə bilməyəcəyəm.