Qurban Qurbanovun komandasında gördüklərimiz - 5 saatlıq bayramın icmalı

4 İyun 16:40 Hadisə 699
Qurban Qurbanovun komandasında gördüklərimiz - 5 saatlıq bayramın icmalı

2024/25 futbol mövsümünün sonuncu qarşılaşması çətin ki, yaddan çıxa.

5 saatlıq futbol bayramına tamaşa etmək hər fürsətdə ələ düşmür. Bu, ildə bir dəfə həyata keçə bilər. O da bəlkə.

Mayın 31-də Azərbaycan kubokunun final qarşılaşması üçün nəzərdə tutulmuş bədii hissə saat 6-da başladı, 7-də yerini “Qarabağ”la “Sabah”ın mübarizəsinə verdi, təxminən iki saat yarım meydanda əsl “qırğın” izlədik, ardınca daha 1 saat mükafatlandırma mərasimi keçirildi.

Istirahət günü insanların üzünü güldürməyi bacaran Peşəkar Futbol Liqasının hər bir əməkdaşına xüsusi təşəkkür düşür. Azarkeşlərin stadiona daxil olması, yerləşməsi, media nümayəndələri üçün yaradılan şərait, şou proqram, mükafatlandırma mərasimi zamanı göstərilən operativlik – hər şey ən incə detalına kimi hesablanmış, lazım olan hazırlıqlar görülmüşdü.

“Təşəkkür”ün ən “yağlı tikə”sini “Sabah”a verməliyik. Premyer Liqada istəyinə çata bilməyən “tələbələr” gözünü kuboka dikmişdi. Hansı futbolçunu danışdırırdımsa, mayın 31-ni işarə verirdi. Sən demə, bu, formallıq xatirinə deyilən söz deyilmiş.

“Sabah”ın futbolçuları mayın son günündə Sumqayıtdakı meydanda canından keçməyə belə hazır idi. O dərəcədə motivasiyanı kim vermişdi onlara, hardan almışdılar,

Allah bilir. “Qarabağ” kiimi komandanın qapısına həm əsas vaxtın, həm də əlavə olunmuş 30 dəqiqənin son saniyələrində yol tapmaq hər komandanın bacaracağı iş deyil.

Əsl mübarizlik göstərməklə klub tarixində ilk titulu muzeyə aparıb, Avropa Liqasına vəsiqəni cibə qoydular, ağdamlıları Qurban Qurbanovun baş məşqçiliyi dövründə kubokun finalında məğlub edən ilk komanda kimi tarixə düşdülər.

“Qarabağ” udmasından və uduzmasından asılı olmayaraq hər zaman ən dəyərli sözləri haqq edib. Bu komandanın fuitbolçularının meydana ayaq basmasının özü ən böyük bayramdır.

Klubun adı rəqiblərə motivasiya verir, azarkeşləri coşdurur, futbolçuları da ki, heç də. Ustalıq, təcrübə, keyfiyyət – nə desən var. “Sabah”ın o cür oynamasının, o dərəcədə istəkli olmasının başlıca səbəblərindən biri rəqibin adının “Qarabağ” olmasıydı.

Masazır təmsilçisinin Vasili Berezutskinin rəhbərliyi altında Qurban Qurbanovun başçılıq etdiyi komandaya 4 oyunun heç birində uduzmaması (3 heç-heçə, 1 qələbə) növbəti mövsümdə “Qarabağ” – “Sabah” duellərinin yüksək gərginlikdə keçəcəyinin əyani sübutudur.

“Qarabağ”, bir yekə “təşəkkür”ü də sən qəbul et.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu