COP29

"Neftçi"nin formasını geyinmiş braziliyalı deyir ki…

7 Aprel 01:50 Hadisə 1 061
"Neftçi"nin formasını geyinmiş braziliyalı deyir ki…

Malayziyanın "Sabah" klubunun forvardı Ramon Maçado sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanda "Qəbələ" və "Neftçi"nin formasını geyinmiş braziliyalı hücumçu hər iki komandanın hazırkı durumundan və "Sabah"dakı vəziyyətindən söhbət açıb.

- Azərbaycan çempionatından sonra indi də Malayziya liqasında qollarını vurursan və görünən budur ki, orada karyeran heç də pis getmir. Komandanın əsas bombardiri hesab olunursan...

- Çalışıram ki, oynadığım hər yerdə ən yaxşısını edim. İşlərim pis getmir. Təbii ki, hər zaman daha da yaxşı ola bilər. Azərbaycandan ayrıldıqdan sonra Malayziyaya gəlməyə qərar verdim. "Sabah"ı ən yaxşı şəkildə təmsil etməyə çalışıram.

- Sabiq komandalarından olan "Qəbələ"nin hazırkı durumunu necə şərh edərdin? Hazırda bu komanda turnir cədvəlində sonuncu pillədədir....

- Bəli, xəbərim var. Təəssüf olsun ki, onlar bu cür durumdadır. Həm "Qəbələ"nin, həm də Azərbaycan Premyer Liqasında keçirilən digər görüşləri vaxt olduqca izləyirəm. Liqa maraqlı gedir. "Neftçi"nin matçlarına da baxıram. Bilirsiz, orada çoxlu dostlarım qalıb. Elə bir neçə gün əvvəl Azərbaycan kubokunda keçirilmiş "Zirə" - "Qəbələ" görüşünə canlı baxdım. "Zirə"də dostlarım Sezar Meza Kolli və Rafael Utziq oynayır.

- "Qəbələ" Premyer Liqada sonuncu yeri tutaraq yeni mövsüm birinci diviziona düşəcək komandalar arasında əsas favoritdir. Səncə, ötən mövsüm ölkə kubokunu qazandığınız klub indi niyə bu durumdadır?

- Bunun səbəbini bilmirəm. Ona görə də bir söz deməyəcəm. Amma görünən odur ki, komandanı çox futbolçunun tərk etməsi öz təsirini göstərib. Artıq heyət böyük ölçüdə fərqlidir. Məncə, ötən mövsüm "Qəbələ" daha da güclü idi. Ancaq istənilən halda, ümid edək ki, hər şey yaxşı olacaq.

- "Qəbələ"yə hazırkı dönəmdə kömək olmaq istəyərdin? Ümumiyyətlə, Azərbaycana qayıtmaq şansın var?

- Bu barədə də bir söz deyə bilmərəm. Çünki hazırda "Sabah"ın futbolçusuyam və bu klubla müqaviləm 2025-ci il mayın sonuna qədər qüvvədədir.

- Yeri gəlmişkən, sabiq komandalarından digəri "Neftçi" ölkə kubokunun yarımfinal mərhələsində "Qarabağ"a 0:4 hesabı ilə uduzdu....

- Bəli, həmin matçdan və nəticədən xəbərim var. Düzü, mənim üçün sürpriz oldu.

- Malayziya liqası Azərbaycan çempionatından daha maraqlı keçir? Hansı daha güclüdür?

- Hansısa müqayisə aparmaq istəməzdim. Çünki yaxşı çıxmaz. Amma mən Malayziyada özümü xoşbəxt hiss edirəm. Azərbaycanda da oynayanda, xoşbəxt idim. Ona görə hansısa müqayisə aparmağıma ehtiyac yoxdur. Hər iki ölkədə böyük həvəslə oynamışam.

- Ola bilər ki, yeni mövsümdən Malayziyanın deyil, Azərbaycanın "Sabah" klubunda oynayasan?

- (gülür). Xeyr. Məncə, belə bir variant yoxdur.

- Maraqlıdır, hazırkı komandanda oynayanlar, klub rəhbərliyi eyniadlı komandanın Azərbaycanda da fəaliyyət göstərdiyini bilirlər?

- Əlbəttə bilirlər. Bu haqda danışmışıq da. Malayziyada hər kəs Azərbaycanda da "Sabah" adlı klubun Premyer Liqada oynadığı haqda məlumatlıdır.

Digər Xəbərlər
Xəbər Lenti