COP29

Xankəndi quldurlarının yapışdığı “saman çöpü” - Bakı o səhvi təkrarlamayacaq!

4 İyun 2023 07:10 Hadisə 498
Xankəndi quldurlarının yapışdığı “saman çöpü” - Bakı o səhvi təkrarlamayacaq!

Xəbər verildiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan Kişinyovdan sonra gələn həftə Moskvaya gedəcək.

Artıq o, Rusiyada planlaşdırılan danışıqların bəzi təfərrüatını açıqlayıb.

Belə ki, komandası ilə qapalı görüşdə o, Qarabağ separatçıları üçün iki ssenarini təsvir edib.

“Hraparak” nəşrinin görüş iştirakçılarından birinə istinadən verdiyi məlumata görə, baş nazir separatçıların öz ordusuna sahib olmayacağını bildirib. Onun sözlərinə görə, Bakı bunu prinsipial bir məsələ kimi qəbul edir: “müdafiə ordusu” tərk-silah edilərək buraxılacaq.

Ssenarilərə gəlincə, Paşinyanın fikrincə, bir neçə mümkün variant var: əgər Azərbaycan yerli ermənilərin təhlükəsizliyini təmin edərsə, o zaman prinsipcə gözlənilməz heç nə baş verməyəcək. Əks halda, Paşinyan qeyd edib ki, “Ermənistan hakimiyyəti hər kəsin öz ərazisinə köçürülməsini təmin edəcək”, - deyə qəzet qeyd edib.

Nəşr həmçinin Ermənistanın baş nazirindən belə bir sitat gətirib: “Azərbaycan daxilində yüksək muxtariyyət, bu o deməkdir ki, Qarabağ Bakı üçün təhlükə yaratmamaq üçün kifayət qədər dövlət səlahiyyətlərinə malik olacaq, yəni onun ordusu olmamalıdır. Əgər Azərbaycan Qarabağ xalqının hüquqlarına məhəl qoymasa və təhlükəsizliyi təmin etməsə, Paşinyan hesab edir ki, o zaman Qarabağ Rusiyaya qoşulduğunu bəyan edə biləcək. Ən pis halda, yəni Qarabağ ermənilərinin başı üzərində təhlükə yaranarsa, o zaman Ermənistan hakimiyyəti onların Ermənistana köçürülməsini təmin edəcək”.

Yenə də yüksək muxtariyyətdən danışılır, Azərbaycana qarşı hətta “Donbas ssenarisi”ndən söz açılır. Bu isə artıq Bakı ilə Moskvanı qarşı-qarşıya qoymaq cəhdidir. Rusiya buna gedərmi, o ayrı mövzudur, ancaq statusun hara getdiyini Prezident İlham Əliyev mayın 28-də Laçın səfəri zamanı bir daha bəyan edib.

Aydındır ki, Azərbaycan təzədən öz altına “gec partlayan mina” qoymayacaq, ermənilərə muxtariyyət verməyəcək. Yüz il öncəki səhvi (iyul 1923) təkrarlamaq - gələcək nəsillərə indidən potensial müharibə “miras” qoymaq demək olar.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Azərbaycan BMT tərəfindən tanınmış dövlətdir və ərazisi 86.6 kvadrat kilometr olaraq təsdiqlənib: “Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 2022-ci il fevralın 22-də imzalanmış Moskva bəyannaməsində ərazi bütövlüyünün tanınması bir daha qeyd olunur. Ona görə erməni mediası bu informasiyaları yayarkən provokasiyaya çalışır. Erməni mətbuatı bu məlumatları qapalı iclasdan istinadla yayır, faktiki olaraq baş nazirin belə fikirlər səsləndirməsi rəsmi olaraq açıqlanmayıb. Lakin bununla belə, biz Paşinyanın ikili davranışlarını görməkdəyik və Ermənistan sülh prosesindən yayınmağa can atır. Əvvəlcə özünü sülh tərəfdarı kimi göstərir, ardınca Xankəndidə olan ermənilərin hüquqları mövzusunda beynəlxalq mexanizmi ortaya atır. Bütün bunlar Azərbaycanın daxili işlərinə qarışmaqdır”.

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistan dövlət sərhədində, separatçılar isə Qarabağda təxribat törədir: “Kişinyovda görüşün başlanmasından öncə baş verən bu təxribatlar Paşinyanın sərhəddə qoşunların geri çəkilməsinin vacibliyini gündəmə gətirmək və Qarabağda "beynəlxalq mexanizm" olmadan ermənilərin təhlükəsizliyinin qarantı olmadığını göstərmək məqsədi daşıyır. Nikol nəticə etibarilə razılaşmaq yox, prosesi uzatmaq istəyir. Əliyevin cavabı təkcə danışıqlar masasında olmaya bilər".

Təhlilçinin fikrincə, Əliyevin təslim olmaq və amnistiya imkanı ilə bağlı çağırışını separatçıların ciddiyə almaq istəmədikləri görünür: “Onlar verdikləri açıqlamalarda "müstəqil ölkə" olduqlarından danışır, təslim olmayacaqlarını bildirirlər və belə görünür ki, “ermənilərə qarşı terror edilir” iddiası ilə beynəlxalq təşkilatlara müraciətləri artırmaq niyyətindədirlər. Hərçənd beynəlxalq səviyyədə qəbul olunan hansısa bəyanat, yaxud Bakıya edilən çağırışların heç bir praktiki tərəfi yoxdur. Bu vəziyyətdə Bakının praktiki addımlar atmaqdan başqa yolu qalmır. Əslində Əliyevin məsələni “Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək” formasında qoyması da hadisələrin bu istiqamətdə inkişafı gözləntisini artırır. Müdafiə Nazirliyinin son məlumatları da - “qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”, “qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub” - açıqlamaları yaxın dövrdə praktiki addımların atıla biləcəyindən xəbər verir".

Zaur Məmmədov:

Zaur Məmmədov

Politoloq Zaur Məmmədov da o qənaətdədir ki, erməni mediasının nə yazmasından, Paşinyanın hansı açıqlamalar verməsindən asılı olmayaraq, Prezidentin separatçılara xəbərdarlığı onlar üçün son şansdır: “Ermənilərin problemləri onların hadisələrə hər zamankı kimi maksimalist yanaşmalarındadır. Artıq beynəlxalq ictimaiyyət də məlumatlıdır. Ya təslim olurlar, amnistiya tətbiq edilir, ya da məhv ediləcəklər və ya qulaqlarından tutulub Bakıya gətiriləcəklər”.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"