İlham Əliyevin bu sözləri erməni kanallarını qorxuya saldı

8 Dekabr 2021 01:00 Hadisə 2 270
İlham Əliyevin bu sözləri erməni kanallarını qorxuya saldı

Prezident İlham Əliyev bir müddət idi ki, Qarabağ və Zəngəzurla bağlı çıxış etmirdi.

Bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında çox vacib qərarların qəbul edilməsi gözlənilirdi.

Ona görə də rəsmi Bakı Ermənistandakı qərarvermə prosesinə mane olmamaq üçün bu və ya digər şəkildə sərhəd, dəhliz və s. məsələlərlə bağlı kiçik bir pauza vermişdi.

Bu sözləri axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın səbrini sınamamalı və İlham Əliyevin sözlərini ciddi xəbərdarlıq kimi qəbul etməli, son şansı əldən buraxmamalıdır:

“Son günlərdə Ermənistanın apardığı siyasət, erməni millət vəkillərinin Xankəndiyə səfəri, Ararat Mirzoyanın ATƏT-in Stokholmda keçirilən toplantısında müxtəlif görüşləri zamanı Qarabağla bağlı sərsəm bəyanatları, bu ölkənin Milli Təhlükəsizlik Şurasının sədri Qriqoryanın anormal çıxışları, eyni zamanda Paşinyanın söz verərək vədlərinə əməl etməməsi təbii ki, Azərbaycanın səbir kasasını doldurur. Düşünürəm ki, İlham Əliyevin Qubaya səfəri zamanı söylədiyi sözlər Ermənistan üçün ciddi xəbərdarlıqdır. Erməni Teleqram kanallarının və xəbər saytlarının ölkə başçısının bu sözlərini qorxu içində qəbul etməsi heç də təsadüfi deyil”.

Politoloq 44 günlük tarixi qələbədən sonra Avrasiyada yeni geosiyasi şəraitin formalaşmağa başladığını, tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistanın isə bunu yaxşı oxumalı olduğunu vurğulayıb:

“Erməni xalqı bilməlidir ki, atdığı yanlış addımlar və oynadığı oyunlar Nikol Paşinyanın öz ölkəsinə vurduğu növbəti zərbə ola bilər. Çünki əgər qarşı tərəfdən müsbət addımlar atılmasa, delimitasiya və demarkasiya prosesi başlamasa, rəsmi Bakı qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazilərinə qarşı sərhəd xəttinin müəyyən edilməməsindən istifadə edərək tam haqlı şəkildə iddialar qaldıra və hətta bu əraziləri digər vasitələrdən istifadə edərək öz torpaqlarına qata bilər. Ona görə Ermənistanda ağlı başında olan bütün dövlət rəsmiləri bilir ki, delimitasiya və demarkasiya prosesləri onların xeyrinədir. Ola bilsin ki, Ermənistanda müəyyən qüvvələr müxtəlif oyunlarla zaman qazanaraq, rus sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşməsinə və Avropada bəzi qüvvələrin qarşı tərəfi dəstəkləməsinə bel bağlayaraq, hansısa revanşizm xəyallarına qapılırlar. Lakin anlamalıdırlar ki, vəziyyət dəyişir və artıq Avrasiyanın orta xəttində yeni geosiyasi konfiqurasiya qurulur. Sözügedən geosiyasi konfiqurasiyada isə Ermənistanın belə davranmağa davam etməsi onun dövlət kimi xəritədən silinməsinə gətirib çıxara bilər. Çünki tarix və son hadisələr də bizə göstərdi ki, son 200 ildə baş verən proseslər nəticəsində iki dövlət arasında sərhədlərin təyin olunması məsələsində ədalət prinsipi tamamilə arxa plana atılıb. Ona görə xəritənin dəyişməsinə ehtiyac var. Bu da Ermənistan üçün fəlakətlə nəticələnə bilər. Çünki Azərbaycan tarixi ədaləti bərpa edib və bundan sonra da edəcək. Onlar heç olmasa keçmiş Ararat Respublikasının 9 min kvadrat km ərazisini qorumaq haqqında düşünməlidirlər, hansı ki, bu əraziləri də Azərbaycan onlara verib”.

Digər Xəbərlər
Xəbər Lenti