Qurban Qurbanovun çalışdırdığı “Qarabağ” Azərbaycanda və Azərbaycan reallığını nəzərə alaraq Avropada ciddi, çox ciddi nəticələrə imza atıb.
10 dəfə ölkə çempionu olub, 5 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə Avropa Liqasının, hərəsində 1 dəfə olmaqla Çempionlar Liqasının və Konfrans Liqasının qrup mərhələsində iştirak edib, 3 halda qrup mərhələsini adlamağı bacarıb.
Bu, 10 komandalı çempionatı olan, komandaları avrokubokların pley-off mərhələsinə belə yüksələ bilməyən, millisi beynəlxalq yarışlarda qapazaltı olan Azərbaycan futbolu reallığında yuxudur, möcüzədir.
“Qarabağ”ın uğurlarının əsas memarı Qurbanovdur. Məşqçi bacarığı və insani keyfiyyətləri ölkə hüdudlarından kənara da səs salan bu adam ölkə futbolunun ağırlığını çiyinlərində daşıyır.
Amma bu adam uğurlardan doymur, işindən tam razı deyil və 51 yaşında hələ də öyrənməyə, artırmağa, daha yaxşısını etməyə çalışır.
Özündən 8 yaş kiçik olan “Bayer”in baş məşqçisi Xabi Alonso ilə görüşmək həvəsinə düşüb, ondan yeni nəsə öyrənmək istədiyini eşidəndə, açığı, təəccübləndim. Qəfil ağlıma sual gəldi, Qurban Qurbanovun nəyi çatmır?
Bunu kim edərdi?
Bütün ölkə Qurbanovdan danışır, məşqçi keyfiyyətlərinə şübhə edən yoxdur və bir çoxunun ondan nələrsə öyrənmək arzusunda olduğu vaxtda, o, Alonsonun görüşünə yollanır. Qəribədir, deyilmi?
Bu adamın sadəliyi, az qala hər saatda öyrənmək istəyidir onu zirvələrə daşıyan. Bu gün Alonsodan soruşur, sabah başqasından maraqlanacaq və öyrəndiklərinin faydasını “Qarabağ”, həm də Azərbaycan futbolu görəcək.
Qurbanov Azərbaycan futbolunun yeni nəsil məşqçilik məktəbi üçün “əyani vəsaitdir”. Özü öyrənir, eyni zamanda özü də istəmədən öyrədir. Amma hər bir halda ölkə idmanına xidmət edir, futbolsevərləri Azərbaycan futbolundan qopmamağa səbəbkar olur.
Bilirəm, çoxunuz düşünürsünüz, Qurbanov olmasa, futbolumuz necə görünər, bizi kim sevindirər? “Qarabağ”ın adını Avropada kim dillər əzbəri edər?
Elə mən də hərdən bunları düşünürəm.
HƏBİB / SPORTİNFO.AZ

