Xankəndi nəzarət altına düşür: Paşinyan da, Araik də rəsmi Bakının tələbləri ilə barışıb

11 Avqust 2022 13:50 Gündəm 3 240
Xankəndi nəzarət altına düşür: Paşinyan da, Araik də rəsmi Bakının tələbləri ilə barışıb

Azərbaycanın Xankəndi və ətraf bölgəsi ətrafında olduqca maraqlı proseslər cərəyan edir.

Hazırda bu bölgədə olan ermənilər, o cümlədən də separatçı-terrorçular mövcud situasiya ilə barışmağa başlayıblar.

Və artıq onların gələcək taleyinin xaricdəki erməni diasporundan, yaxud da daha yaxındakı Ermənistandan asılı olmadığını birmənalı şəkildə anlayırlar.

Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki, xaricdəki erməni diasporunun dünyada elə bir təsiri qalmayıb. Vaxtilə “erməni faktoru”ndan öz maraqları çərçivəsində böyük həvəslə istifadə edən supergüclərin hədəfləri tədricən dəyişməkdədir. İndi supergüclər üçün “erməni faktoru” deyil, Azərbaycanın zəngin enerji resursları, Cənubi Qafqazın geopolitik, geostrateji və geoiqtisadi əhəmiyyəti daha ön plandadır.

Ona görə də, hazırda dünya supergücləri artıq əhəmiyyətini sürətlə itirməkdə olan “erməni faktoru” ucbatından Cənubi Qafqazın gələcək perspektivləri barədə yekun və həlledici qərar hüququ olan Azərbaycanla münasibətlərini korlamağa həvəsli deyillər. Ona görə də, hazırda “erməni faktoru”ndan Azərbaycana və ya Türkiyəyə deyil, daha çox Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa çalışdıqları Rusiyaya qarşı istifadə etməyə üstünlük verirlər. Və bu, 44 günlük savaşın doğurduğu yeni geopolitik şərtlərin təsirini möhkəmləndirir.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Digər tərəfdən, 44 günlük savaşdan sonra erməni diasporu arasında da ciddi fikir ayrılıqlarının, parçalanmaların olduğu barədə müəyyən məlumatlar mövcuddur. Üstəlik, erməni diasporu ilə Paşinyan hakimiyyəti arasında ziddiyyətlərin də dərinləşdiyi bildirilir. Və bütün bunar istər-istəməz “erməni faktoru”nun regional əhəmiyyətini zəiflədir.

Ona görə də, hazırda həm Ermənistan, həm də Azərbaycanın Xankəndi bölgəsində olan silahlı erməni separatçı-terrorçular vərdiş etdikləri ənənəvi dəstəyi ala biləcəklərinə əmin deyillər. Əksinə, indi erməni toplumunda “təkbaşına buraxılma” əhval-ruhiyyəsi daha çox hökmranlıq edir. Və bu, mövcud situasiya ilə barışmaq məcburiyyəti yaradır.

Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatı isə erməni separatizminə daha sarsıdıcı zərbə oldu. Çünki, bu antiterror əməliyyatı Azərbaycanın geopolitik iradəsini birmənalı şəkildə təsdiqlədi. Üstəlik, rəsmi Bakının geopolitik iradəsinə hər hansı regional alternativin olmadığı ortaya çıxdı.

Bu səbəbdən də hazırda rəsmi İrəvan və Qarabağdakı erməni separatçı-terrorçular Azərbaycanın şərt-tələblərini yerinə yetirmək məcburiyyəti ilə barışıblar. Paşinyan hakimiyyəti sentyabr ayının əvvəllərinə qədər Xankəndi və ətraf bölgədəki Ermənistanın sılahlı birləşmələrini çıxartmağa hazırlaşır. Eyni zamanda, rəsmi Bakının tələbi ilə Laçın dəhlizinə alternativ yolun işə salınmasına da ciddi hazırlıqlar başlayıb.

1595487145_te.jpg (84 KB)

Məsələ ondadır ki, yaxın günlərdə Laçın şəhəri və dəhlizin üzərində olan digər ərazilər Azərbaycana təhvil veriləcək. Hətta Ermınistan mətbuatı Azərbaycan ordusunun avqustun 25-də gecə saatlarında Laçın şəhərinə girəcəyini vurğulayır. Xankəndi və ətraf bölgədə olan separatçılar isə Laçın dəhlizi ətrafında yaşayan ermənilərin oradan köçürülməsinə başlayıblar.

Azərbaycan rəsmilərinin Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə Laçına gedərək, şəhərin boşaldılmasına hazırlıq prosesi ilə yerində tanış olması erməni toplumunda pessimizmi daha da artırıb. Erməni toplumunda vəziyyətin ciddi olduğunu və hər hansı çıxış yolunun olmadığını anlamağa başlayıblar. Və göstəriləcək hər hansı müqavimətin doğuracağı nəticələri də tam dəqiqliyi ilə anlayırlar.

İndi Araik Arutyunyan və onun separatçı dəstəsi ermənilərin Laçından çıxarkən, barbar ənənələri üzrə şəhəri yandıra biləcəklərindən narahatdır. Bəzi məlumatlara görə, rəsmi Bakı əgər, Laçın yandırılarsa və minalanarsa, buna qarşı ən sərt addımların atıla biləcyi barədə sərt xəbərdarlıq edib. Bu səbəbdən də, separatçılar Laçını tərk edəcək ermənilər arasında təbliğat apararaq, onları evləri yandırmaqdan çəkindirməyə çalışırlar.

Onu da qeyd etmək lazımdır ki, həm Ermənistanın siyasi rəhbərliyi, həm də Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçular rəsmi Bakını növbəti dəfə qəzəbləndirməkdən açıq-aşkar çəkinir. Çünki, “Qisas” antiterror əməliyyatı keçirilərkən, Rusiya sülhməramlı qüvvələri buna əngəl törədə bilməmişdilər. Bu baxımdan, indi erməni toplumunda əminlik var ki, əgər, rəsmi Bakı yenı qəzəblənərsə, bu dəfə antiterror əməliyyatları birbaşa Xankəndi şəhərində keçirilə bilər. Bu isə Araik Arutyunyan və onun separatçılarının sonu olardı.

sulh-muqavile.jpg (293 KB)

Maraqlıdır ki, “Qisas” antiterror əməliyyatından sonra Araik Arutyunyan Xankəndi və ətraf bölgədə “səfərbərlik” elan etmişdi. İndi Ermənistan mətbuatı məlumat verir ki, rəsmi Bakı bu məsələ ilə bağlı Paşinyan hakimiyyətinə sərt xəbərdarlıq edib. Nəticədə rəsmi İrəvandan Araik Arutyunyana “səfərbərlik oyunu”na həvəs göstərməmək mesajı verilib. Və son məlumatlara görə, bölgədəki separatçı-terrorçular bu mövzunu artıq qapatmaq məcburiyyətində qalıblar.

Məsələ ondadır ki, Azərbaycan ordusunun Xankəndi və ətraf bölgədə silahlı erməni separatçı-terrorçuları tərksilah etməsi üçün o qədər çox zaman lazım deyil. Belə ki, son məlumatlara görə, Azərbaycan ordusu Xankəndi şəhəri ətrafındakı bütün strateji yüksəkliklərə tam nəzarət edir. Ona görə də, cəmisi bir neçə gün ərzində əlində silah olan erməni separatçı-terrorçular Azərbaycan ordusu tərəfindən tam tərksilah olunub, həbs edilə bilərlər.

Göründüyü kimi, indi Cənubi Qafqazın yeganə regional güc mərkəzi olan Azərbaycanla qarşıdurma, yaxud da silahlı toqquşma həm Ermənistana, həm də Xankəndi və ətraf bölgədəki erməni separatçılara qətiyyən sərfəli deyil. Çünki, Ermənistanın hərbi müqavimət potensialı yoxdur. Xankəndi şəhəri isə demək olar ki, Azərbaycan ordusunun hərbi nəzarəti altına düşüb. Və bundan sonra ermənilərə yalnız Azərbaycanın direktivlərini, təlimatlarını yerinə yetirmək qalır (musavat.com).

Elçin XALİDBƏYLİ

Digər Xəbərlər
Xəbər Lenti