
Son zamanlar, xüsusən də Rusiyanın proseslərdə aktiv yer aldığı dönəmdə “Türkiyə niyə danışıqlar masasında yoxdur" sualı daha tez-tez səslənməkdədir.
44 günlük Vətən Müharibəsində Türkiyə bütün istiqamətlər üzrə Azərbaycanın tam yanındaydı, bunu dost-düşmən gördü.
Eyni zamanda indi də qardaş ölkə hərtərəfli dəstəyini əsirgəmir. Prezident R.T.Ərdoğan, XİN başçısı M.Çavuşoğlu, müdafiə naziri H.Akar səviyyəsində davamlı şəkildə bəyan olunur ki, Türkiyə Azərbaycanın daim yanında olacaq.
Elə Moskvadakı üçtərəfli görüşdən sonra prezident Putinin türkiyəli həmkarına zəng edib, nəticələrlə bağlı onu məlumatlandırması da Ankaranın masada olmasından xəbər verir. Ancaq Türkiyənin 2+2 formatı çərçivəsində danışıqlarda iştirak etməməsi suallar, həm də narahatlıqlar doğurur. Rəsmi Ankaranın danışıqlar prosesinə qoşulması hansısa çətinliklər, problemlər yarada bilərmi? Maraqlıdır, Türkiyə Cümhuriyyəti hazırda hansı şəkildəsə masadadırmı, lakin bunu gözə soxmur, açıq nümayiş etdirmir? İş günü olmadığından rəsmi Bakının məsələyə münasibətini öyrənə bilmədik.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu musavat.com-a açıqlamasında bildirdi ki, narahatlıqlar əbəs deyil: “Türkiyə hələ ki, masada yoxdur və bu hal Azərbaycan cəmiyyətini narahat edir.
Azərbaycan prezidenti İlham Əliyev də bir neçə dəfə vurğulayıb ki, masada Türkiyə də olmalıdır. Masada olmaq Rusiya kimi Türkiyənin də haqqıdır. Müharibə də göstərdi ki, bölgənin iki aparıcı dövlət var – Rusiya və Türkiyə. Əgər masada Rusiya varsa, Türkiyə də olmalıdır”.
Ekspert ermənilərin Türkiyə qorxusunun, yaxud narahatlığının nəzərə alınmasını da ciddi dəlil saymır: “Rusiya Ermənistanın strateji müttəfiqidirsə, Türkiyə də Azərbaycanın strateji müttəfidir. Ona görə də rəsmi Bakı Türkiyənin masada olmasına çalışmalıdır. Rusiya Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. Son günlər Ankaranın Moskvaya mesajları artıb. Misal üçün Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Dağlıq Qarabağla bağlı tez-tez açıqlamalar verir. Bu açıqlamalar Azərbaycan üçün vacibdir”. Politoloq bildirdi ki, Mövlüd Çavuşoğlu növbəti açıqlamasında Ankaranın Rusiyanın Dağlıq Qarabağdakı siyasətindən narazı qaldığına işarə etdi: “Birincisi, Çavuşoğlu dedi ki, Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanmalıdır və bu isqiqamətdə Moskva ilə danışıqlar aparılır. İkincisi, Çavuşoğli dedi ki, rusiyalı sülhməramlıların Laçın dəhlizindən kimn gəlib-getdiyini bölgənin sahibi Azərbaycanla razılaşdırmalıdır. Çavuşoğlu ardınca bunu dedi: “Siz, sülhməramlı olaraq varsınız, ancaq kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”. Bu Ankaranın Moskvaya ünvanlanmış ciddi mesajdır. E.Şahinoğlu xatırlatdı ki, cənab Çavuşoğlu Ermənistana da çağırış etdi: ““Türkiyə və Azərbaycan olaraq əgər atəşkəsin daimi olduğunu müşahidə edəriksə, Ermənistan da buna inanarsa, rəsmi İrəvan ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik”. Türkiyənin xarici işlər naziri Ermənistanla münasibətlərin normallaşmasını Azərbaycan ilə birlikdə koordinasiya edəcəyini də dedi. Ermənistan Azərbaycana qarşı ərazi iddiasından imtina edərsə, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyarsa Türkiyə və Azərbaycan Ermənistanla sərhəddi açar, diplomatik əlaqələr qurular və Ermənistan regional layihələrə qoşular”.
“Atlas” rəhbəri qeyd etdi ki, bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun müttəfiqi Milliyətçi Hərəkat Partiyasının lderi Dövlət Baxçalının ən böyük arzusu qısa müddətdə azad olunan Şuşaya gəlməkdir: “Bu şəhər onlar üçün də müqəddəsdir. Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə son telefon danışığında iki mövzuya diqqət çəkib. Birincisi, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərinə başlamalarıdır. İkincisi, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasıdır. Hər ikisinə Azərbaycanın da ehtiyacı var. Türkiyə prezidenti telefon söhbətinin sonunda hər zaman olduğu kimi Türkiyənin bundan sonra da Azərbaycana dəstək verəcəyini bildirdi. Digər tərəfdən Dövlət Baxçalının Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində ibtidai məktəb binası inşa etmək istədiyini dedi. Baxçalı keçmiş illərdəki bütün çıxışlarında da Dağlıq Qarabağın işğalını bütün türk dünyasının problemi olduğunu vurğulayır, erməni işğalını psiləyirdi. “Şuşa türk mədəniyyəti və tarixinin simvoludur” deyən Baxçalı arzusunu bu şəkildə bildirdi: “İnşasını arzuladığımız ibtidai məktəbin Üzeyir Hacıbəylinin adını daşıması, təməl atma mərasiminin isə qarşımızdakı 30 yanvar tarixində keçirilməsi mümkündür”. Yəni Baxçalı yanvar ayın sonunda Şuşaya gəlmək istəyir. Bütün bunlar ondan xəbər verir ki, Rusiyanın və Ermənistanın istəyindən asılı olmayaraq, Türkiyə Dağlıq Qarabağda artıq mövcuddur və buna heç nə mane ola bilməz”.