"Yenə də uduzmaq istəmirəm"

21 Aprel 2023 22:40 Güləş 343
"Yenə də uduzmaq istəmirəm"

"Mənim hər zaman motivasiyam, qalib gəlmək üçün iradəm var və bu, uşaqlıqdan bəri sonsuzdur".

Sportinfo.az xəbər verir ki. bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 50 kq çəki dərəcəsində qızıl medal qazanan 35 yaşlı idmançı qələbəsini ana vətəni Ukraynaya həsr etdiyini bildirib.

Doqquzqat Avropa çempionu qitə birinciliyində 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istədiyini söyləyib: "On yaxşı rəqəmdir".

Stadnik Zaqrebdəki turnirin ona elə də zövq vermədiyini vurğulayıb:

"Amma ən əsası nəticədir. Tokio olimpiadasından sonra qısa fasilə verdim. Düşündüm ki, yaşla əlaqədar güləşi davam etdirim, yoxsa idmanı tərk edim.

Fiziki formamın yaxşı olub-olmayacağını bilmirdim. Amma gördüyünüz kimi, mən hələ də mübarizə aparıram.

Yanvarda məşqlərə başladım, ona görə də ən yaxşı formada deyiləm. 18 yaşım olanda daha çox həyəcan və motivasiya var idi. İndi isə hər şey mənə tanışdır. Amma yenə də uduzmaq istəmirəm".

O, Avropa çempionatının finalında qalib gəldiyi həmyerlisi Oksana Livaçla Ukraynada birlikdə məşq etdiyini xatırladıb:

"O, mənim üçün kiçik bacı kimidir. Hər il daha da güclənir. Biz artıq birlikdə məşq etmirik, amma onun çox yaxşı potensialı var. Ümid edirəm ki, Paris olimpiadasına vəsiqə qazanar".

Təcrübəli güləşçi Tokio-2020 Yay Olimpiya Oyunlarının yarımfinalında uduzduğu əsas rəqibi olan yaponiyalı Yui Susakidən də söz açıb:

"Onunla necə mübarizə aparacağımı düşünmək üçün hələ bir ilim var. Hər şeyi nəzərdən keçirəcəyəm".

Karyerasından da danışan Stadnikin sözlərinə görə, övladları əvvəlcə onun güləşməsini istəmirdi:

"Yadımdadır, onlara təqaüdə çıxmaq istədiyimi bildirmişdim. Oğlum balaca olanda mənə deyirdi ki, ana, xahiş edirəm, turnirlərə getmə.

İndi isə deyir ki, sən çox güclüsən, dayanma. Hazırda onlar mənim ən böyük fanatlarımdır".

Digər Xəbərlər
Xəbər Lenti