Millinin yeni baş məşqçisi haqda bu sözləri işlətdi

17 Mart 2023 03:30 Güləş 547
Millinin yeni baş məşqçisi haqda bu sözləri işlətdi

Azərbaycan sərbəst güləş millisinin keçmiş baş məşqçisi Firdovsi Umudov Xetaq Qazyumovun yığmaya baş məşqçi təyin olunmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu sözləri yazıb:

"Ölkəmizin sərbəst güləş üzrə yığma komandası Xetaq Qazyumova tapşırıldı. Uzun illər yığma komandamızın kapitanı olmuş Xetaqı yaxından tanıyan biri kimi bu təyinatı olduqca uğurlu hesab edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram.

Xetaq hər zaman öz insani keyfiyyətləri, peşəkarlığı, işinə məsuliyyətli yanaşması və stabilliyi ilə seçilən idmançılarımızdan olub və uzun illər onunla bir yerdə çalışmaqdan hər zaman zövq almışam.

2007-ci ildən etibarən Azərbaycanın idman şərəfini qoruyan Xetaq Qazyumov Yay Olimpiya Oyunlarının 3 dəfə mükafatçısı, dünya və 3 qat Avropa çempionu, Bakı-2015 I Avropa Oyunlarının qalibi olub, daha bir neçə dəfə dünya və Avropa çempionatlarında müxtəlif əyarlı medal qazanıb.

İdmançı karyerasını başa vurduqdan sonra Şimali Osetiya yığmasının baş məşqçisi olan Xetaq hər zaman Azərbaycana olan sevgisi ilə yadda qalıb və ölkəmizin onun üçün etdiklərini heç zaman unutmayıb.

Onunla yığma komandada idmançı-məşqçi münasibətlərimiz başa çatsa da, bu illər ərzində daim ünsiyyətdə olmuşuq, münasibətlərimiz hər zaman davam edib.

Eyni sözləri yığma komandada məşqçi vəzifəsini yerinə yetirəcək Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov haqqında da demək istərdim. Azərbaycan Güləş Federasiyası rəhbərliyinin bu seçimini dəstəkləyir və yeni məşqçilərə gələcək fəaliyyətində uğurlar arzulayıram!".

Xetaq Qazyumov ötən gün sərbəst güləş yığmasına baş məşqçi təyin olunub. O, bu postda Namiq Abdullayevi əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”