"Prezidentə verdiyim sözə sadiq qalmağa çalışacam"

5 İyun 2022 22:40 Güləş 731
"Prezidentə verdiyim sözə sadiq qalmağa çalışacam"

Sportinfo.az Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun (87 kq) müsahibəsini təqdim edir:

- Bu yaxınlarda Türkiyədə təlim-məşq toplanışında oldunuz. Hazırlıq prosesi necə keçdi?

- Toplanış çox yüksək şəraitdə və ab-havada keçdi. Çünki bir millət, iki dövlətik. Türkiyənin əsas millisi toplanışa başlayanda digər komandalar üçün zalı bağlayırdılar. Bizim üçün isə zal 24 saat açıq olurdu, heç bir fərq qoymurdular. Tam rahatlıq olurdu. Hər şey əla, bizə olan münasibət yüksək səviyyədə idi. Bu cür toplanışların yarışlar vaxtı çox böyük xeyri olur. Çünki fərqli-fərqli sınaqçı rəqiblərlə üz-üzə gəlirsən. 2-3 aydan bir müxtəlif ölkələrdə hazırlıq keçmək lazımdır. Dəyişiklik mütləqdir.

- 22 - 25 iyunda İtaliyanın paytaxtı Romada reytinq turniri olacaq. Həmin yarışda iştirak edəcəksiniz?

- Bəli, reytinq turnirinə yollanacağam. Orada da əsas hədəfim qızıl medal qazanmaqdan ibarət olacaq.

- Daha sonra isə sizi V İslam Həmrəyliyi Oyunları, dünya çempionatı və Dünya Kuboku yarışları gözləyir. Necə hazırlaşırsınız?

- Təbii ki, yarışlara ciddi hazırlıq gedir. Vəziyyət cənab Prezidentin də nəzarətindədir. Var gücümüzlə çalışıb, ölkə rəhbərliyinin etimadını doğrultmaq lazımdır. Əsas hədəfim hər 3 turnirdə qızıl medal qazanmaqdır. Artıq yüksək nəticələr verməyin vaxtı çatıb. Əsas odur ki, zədədən uzaq olaq.

- 2 il sonra Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Oimpiya Oyunlarına düşmək şansınızı necə qiymətləndirirsiniz?

- Maksimum gücümlə hazırlaşacağam ki, ora düşüm. Prezidentə verdiyim sözə sadiq qalmağa çalışacağam. Düzdür, idmanda hər şey olur. Bütün qələbələrimizi ölkə başçısına həsr edəcəyəm. Ona görə də elə zəfərlər qazanmalıyam ki, cənab Prezidentə layiq olsun.

- İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunda "Suqovuşan" və "Ağdam" komandalarının yarımfinal oyununda fəxri qonaq qismində iştirak etdiniz. Turnir sizdə necə təəssürat oyatdı?

- Çox gözəl turnirdir. Biz özümüz də həm idman, həm də digər sahədə çalışan jurnalistləri şəxsən tanıyırıq. Təşkilatçılar çox sağ olsunlar ki, dəvət etdilər, mən də gəlib izlədim. Sağlam bədəndə sağlam ruh olar. Hər kəsə idmanla məşğul olmağı arzu edirəm. Bu, hamıya lazımdır. Çox gözəl təşəbbüsdür, alqışlayıram.

- Üstəlik, komandalar işğaldan azad olunmuş ərazilərin adlarını daşıyır...

- Bəli, çox sevindirici haldır. Mən özüm Qubadlıdanam. Adama yuxu kimi gəlir. Artıq doğma rayonum, həvəskar da olsa, komandası var. Uşaqlıqdan istəyirdim ki, torpaqlarımız işğaldan azad edilsin, öz rayonumuzu təmsil edən idman klubu, cəmiyyət olsun. Fəxr ediləsi hadisədir. Bu proseslərin səbəbkarı Prezident İlham Əliyevdir. Ən başlıcası, ona təşəkkürümüzü bildiririk.

- Gələcəkdə doğma rayonunuzda idman həyatını canlandırmaq üçün hər hansı planınız var?

- Bəli. Cənab Prezident Qubadlıdakı görüşümüzdə dedi ki, elə edəcəyik, siz gəlib idmana öz töhfənizi verəsiniz. Əlbəttə, ölkə başçısına ilk növbədə, qələbələr qazanacağımızı söz verəcəyik. Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan zonasının havası, suyu təmiz olduğundan, uşaqları da sağlam və güclü olacaqlar. Həmin uşaqlardan perspektivli idmançılar yetişdirmək mümkündür. Düşünürəm ki, gələcəkdə dövlət dəstəyi olarsa, oralarda güləş məktəbi aça bilərəm. Bu isə həm idman, həm də ölkəmiz üçün xeyirli iş olar (report).

Digər Xəbərlər
Xəbər Lenti