Millimizin baş məşqçi əvəzi: “O, bizə lazımsız biridir, komandada yeri yoxdur”

28 Aprel 2022 14:20 Güləş 958
Millimizin baş məşqçi əvəzi: “O, bizə lazımsız biridir, komandada yeri yoxdur”

Sportinfo.az qadınlardan ibarət güləş millimizin baş məşqçi əvəzi Rövşən Umudovun müsahibəsini təqdim edir:

– Necə olub ki, gənc yaşlarınızdan məşqçi işləməyə başlamısınız?

– Azərbaycan müstəqil olduqdan sonra – 25 yaşda sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi mən olmuşam. Azərbaycan ilk olimpiya medalını 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında mənim rəhbərliyim altında qazanıb. Onda Namiq Abdullayev gümüş medal qazanmışdı. Ümumiyyətlə, sərbəst güləş üzrə indiki baş məşqçi Namiq Abdullayev də, sabiq çalışdırıcı Firdovsi Umudov da mənim tələbələrim olublar. Namiq Abdullayevə məşqlərdə sparrinq rəqib də özüm olurdum.

2000-ci ildə də Sidney Olimpiadasına komandanı baş məşqçi kimi aparmışam. Daha sonra ölkə Prezidenti ilə görüşdə iştirak etmişəm. Onda İlham Əliyev hələ tək Milli Olimpiya Komitəsinin prezidenti idi. Hətta 2004-cü il Afina Olimpiadasında yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurovun final görüşündə sekundantı olmuşam, onda baş məşqçi Elçin Cəfərov idi.

2008-ci ildən yığma komandanın böyük məşqçisi təyin olunmuşam. Daha sonra 2010-cu ildən 2012-ci il London Olimpiadasına qədər qadınlardan ibarət millinin baş məşqçisi işləmişəm. Ancaq onda federasiyanın köhnə rəhbərliyi ilə problemim oldu və Olimpiadaya iki həftə qalmış millidən ayrıldım.

Mənim indi 55 yaşım var. SSRİ-nin vaxtında güləşmişəm. SSRİ Kubokunun qalibiyəm, Olimpiadaya lisenziya verən Aleksandr Medvedin (SSRİ-nin üçqat olimpiya, yeddiqat dünya və üçqat Avropa çempionu – S.M.) xatirəsinə həsr olunan turnirin qızıl medalını qazanmışam. 1988-ci ildə Seul Olimpiadasında güləşməliydim, amma alınmadı.

23 yaşım olanda Dünya Kubokunda ayağım sındı, əməliyyat olundum. Bununla belə, altı ay sonra qayıdıb SSRİ Kubokunu qazandım. Daha sonra Fransanın Klermon şəhərində keçirilən yarışda digər ayağım sınıb deyə karyeramı erkən başa vurmuşam. Artıq 25 yaşımda yığma komandanın baş məşqçisi olmuşam.

– Aslan Ağayevin Astara Olimpiya İdman Kompleksinə direktor təyin olunmasından sonra indi də qadınlardan ibarət millidə baş məşqçi əvəzi sayılırsınız...

– Bəzən mənə baş məşqçi də deyilir. Bunu rəhbərliklə dəqiqləşdirəcəyəm. Prezidentlə görüşdə nazirliyin məktubunda qadın millisinin baş məşqçisi kimi göstərilmişəm. Aprelin 9-da federasiyanın İcraiyyə Komitəsinin tərkibi formalaşdı. Yəqin ki, bundan sonra baş məşqçi vəzifəsinə təyin olunaram.

– Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında cəmi üç qadın güləşçi ilə qatılmağımız nə ilə əlaqədar idi?

– Çünki Tatyana Omelçenko və Mariya Stadnik müharibəyə görə Ukraynada qalmışdılar. 23 yaşadək Avropa çempionatında iştirak etmiş qızları böyüklərin yarışına risk edib apara bilməzdim. 53 kq-da güləşən Leyla Qurbanovanın qolunda zədə vardı, təzə bərpa olunmuşdu.

– Amma yunan-Roma güləşində U-23 Avropa çempionatında medal qazananlar bu yarışa da aparılmışdılar...

– Oğlanlarla qızların güləşi fərqlidir. Bizdəki qız güləşçilər 19-21 yaşlılardır və onlar həm də gənclərin yarışında çıxış edə bilərlər. İyunun sonu – iyulun əvvəllərində Romada U-20-lərin Avropa çempionatı var. Böyüklərin yarışına onları aparmaqla gənclərin Avropa çempionatı öncəsi qızları sındırmaq istəmədim.

– Məsələn, Jalə Əliyeva Sofiyada U-23-lərin Avropa çempionu oldu. Rusiya və Belarus güləşçilərinin də iştirak etmədiyini nəzərə alsaq, Budapeştdə yarışa bilməzdi?

– Jalə orada bir dənə də görüşdə qalib gələ bilməzdi. 62 kq-da elə güləşçilər var ki, o orada uduzub sına bilərdi. Birinci-yeddinci yerləri tutanlara baxsanız, görərsiniz ki, o çəkidə dünya və Avropa çempionları, olimpiya mükafatçısı vardı. Noyabrda Jaləni Belqradda böyüklərin dünya çempionatına da aparmışdım. İlk görüşdə yerli idmançıya uduzub mübarizəni dayandırdı.

– Ukrayna əsilli güləşçilərimizdən Alyona Kolesnik Avropa çempionatında yarışdı. Bəs Stadnik və Omelçenko barədə də bunu etmək olmazdı?

– Kolesnik müharibədən qabaq Bakıya gəlmişdi. Müharibə düşdü deyə Bakıda qaldı. Onun bəxti gətirdi. İndi o da, Elis Manolova da bizimlə birgədirlər.

– Amma Stadnik istəsə, gələ bilərdi...

– Onu indi də gətirə bilərik. Leyla Qurbanova da Ukraynada idi. Moldovadakı tanış məşqçilər vasitəsilə onu Ukraynadan çıxara bildik. Stadnik isə sonradan bizə qatılmadığına görə peşman oldu. Çünki Ukrayna millisi yarışda iştirak etmək qərarı verdi, o isə orada qaldı.

– Yaxınlarda İrina Netrebadan müsahibə götürmüşdük. O orada sizin haqda da danışmışdı...

– O müsahibədən xəbərim var. Netreba bizimlə güləşməyi qurtarıb. O bizə lazımsız biridir, komandada yeri yoxdur. Neçə dəfə onu yoxladım. Bir görüşdə qalib gələ bilmirdi. Onun çəkisində artıq Birgül Soltanova çıxış edir. Sonuncu dəfə mənə yazdı ki, güləşmək istəyirəm. Mən də dedim ki, güləşmək üçün gərək nəticə göstərəsən. Dedi ki, maaşım necə olacaq? Birinci pulu düşünür. Mən özüm maaşa işləyən adamam, maaş təyin edən deyiləm ki. Güləşmək üçün təlim-məşq toplanışlarına qatılmaq lazımdır. Dedi ki, onda güləşmirəm. Bütün yazışmaları məndə var. O bizə şərt qoya bilməz.

– O tez-tez çəkilərinin dəyişilməsindən və bu səbəbdən özünü göstərə bilməməsindən şikayətlənib...

– 65 kq-da çıxış edib dünya üçüncüsü olmusan, buna görə mükafat almısan. Kimdir çəkisinin tez-tez dəyişməsinin günahkarı? Özüdür də. Komandada olandan onu 62 və 65 kq-da güləşdirmişəm.

– Netrebadan fərqli olaraq, Omelçenkonun sizə lazım olduğunu başa düşürük. Ancaq o da sonuncu dəfə ötən ilin mayında lisenziya turnirində çıxış edib...

– Bunlar legionerlərdir. Mən onları Azərbaycanda saxlaya bilmərəm. Olimpiadadan sonra bir müddət fasilə olur. Həm də federasiyada yeni rəhbərlik gələnədək müəyyən maddi çətinlik yaranmışdı. Biz Olimpiadadan sonra xaricdə təlim-məşq toplanışı keçməmişik. Onları da buraya gətirmək üçün gərək evimin içində saxlayım, qidalanmasını təmin edim. Bunun üçün də o vaxt pul ayrılmamışdı.

– Kolesnikin qidalanması və Bakıda məskunlaşmasını federasiya qarşılayırsa, onlara da belə münasibət göstərmək olmaz?

– Omelçenko həmin vaxt ailə həyatı qurdu. İki ay belə getdi. Yanvarda komanda ilə birgə məşqlərə başladı. Onu çağırasıydıq ki, müharibə başladı, Ukraynada qaldı (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti