"Adımı tarixə çempion kimi yazdıra bilmirdim, səbr də mənə çox kömək etdi"

18 Aprel 2022 00:50 Güləş 541
"Adımı tarixə çempion kimi yazdıra bilmirdim, səbr də mənə çox kömək etdi"

"Olimpiya çəkisində güləşəcəyəmsə, sınanılacağam və qismət olsa, Paris-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcəyəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) jurnalistlərə açıqlamasında deyib.

Dünya və 3 qat Avropa çempionu bildirib ki, idmanda limit yoxdur:

"Uduzanadək idmançıların sırasında olursan və ya böyük bir qələbədən sonra karyeranı bitirmək fikrinə düşürsən. Zədə amili də var. Sadaladığım hər 3 amil mənim bugünkü durumuma aiddir.

Hazırda idmanı atmaq haqqında fikirləşmirəm. Qarşıda böyük planlarımız var.

Bu il 4 böyük yarışımız olacaq: reytinq turniri, İslam Həmrəylik Oyunları, dünya çempionatı və Bakıdakı Dünya Kuboku. Bundan sonra 2023-cü ildəki lisenziya turnirlərini gözləyəcəyik".

Tokio-2022 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısının sözlərinə görə, idmançını ayaqda saxlayan əsas qüvvə motivasiyadır:

"Motivasiyamı yaxınlarımın sevincindən götürürəm. Mən qalib gələndə onlar sevinirlər. Həmçinin, bəxt amili böyük rol oynadı.

Mən 20 il öncəki insanam. Müəyyən yarışlarda mükafatçılar sırasına düşürdüm, amma adımı tarixə çempion kimi yazdıra bilmirdim. Səbr də mənə çox kömək etdi".

Titullu idmançı 26 il ərzində edə bilmədiklərimi son 6-7 ayda bacardığını söyləyib:

"Bu, mənim üçün böyük uğurdur. Bir vaxtlar məşhur idmançılara baxıb arzu edərdim ki, mən də onların sırasına düşüm.

Bu gün isə artıq onlarla eyni sıradayam. 1 ilin içində Avropa və dünya çempionu oldum. Eyni zamanda olimpiya oyunlarında bürünc medal qazandım".

Hüseynov "Motivator Azerbaijan"ın hazırladığı və onun həyatından bəhs edən filmə görə təşkilatçılara təşəkkür edib:

"Əziyyətimi çəkib bu işi ərsəyə gətirdilər. Bu verilişin ortaya çıxmasında birbaşa onların imzası var.

Belə işlər çox olsa, gənclər örnək götürə biləcəkləri insanları tanıyacaqlar. Bundan öncə digər məşhur idmançılarımız haqqında filmlər çəkilib və təqdim edilib.

Yəni, bu, "Motivator Azerbaijan"ın ilk işi deyil. Mənə də təklif etdilər, çox şad oldum.

Müəyyən çəkilişlər etdik. İdman həyatımın yol xəritəsini bu verilişdə göstərdik. Fikrimcə, maraqlı alınıb".

Digər Xəbərlər
Xəbər Lenti