"Hər şey istədiyin kimi olmur - Nəticə vermişəm, hələ karyeramı davam etdirirəm"

10 Aprel 2022 02:50 Güləş 500
"Hər şey istədiyin kimi olmur - Nəticə vermişəm, hələ karyeramı davam etdirirəm"

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, 3-cü dəfə Avropa çempionu olan Rafiq Hüseynov fikirlərini bildirib:

“Əlbəttə, təəssüratlarım yüksək səviyyədədir. Bu uğura imza atdığım üçün çox sevinirəm. Azərbaycan xalqını və doğmalarımı sevindirdiyim üçün şadam.

Həm özümə, həm də komanda yoldaşlarıma görə sevinirəm. Heyətimizin 70 faizi gənc güləşçilərdən ibarətdir.

Veteranlar öz sözlərini dedilər. Ancaq gənclər də bizdən geri qalmadı. Sevinirəm ki, güləşimiz əmin əllərdədir.

Karyeramızı bitirdikdən sonra gənclər yolumuzu layiqincə davam etdirə biləcəklər. Əlbəttə, komandanın heyəti tam oturuşub.

Bilirsiniz ki, qarşıda bizi mötəbər yarışlar gözləyir. Bunlardan da ən önəmlisi komanda yarışı olan Dünya Kubokudur.

Bu üzdən bizim üçün heyətin oturuşması lazımdır. Fikrimcə, komanda artıq hazır vəziyyətdədir.

Bu nəticələr göstərir ki, cənab Prezidentin səyi nəticəsində federasiyada aparılan islahatlar boşa getməyib.

U-23 Avropa çempionatında və bu yarışda sərbəst və yunan-Roma güləşi üzrə millilərimizin qazandığı uğurlar doğru yolda olduğumuzu göstərir.

İslahatlar öz sözünü deyir. İdmanda yüksəlişlər olduğu kimi, eniş də olur. Hər şey istədiyin kimi olmur.

Nəticə vermişəm, hələ ki, karyeramı davam etdirirəm. Sabah məndən güclü idmançılar olacaqsa, məşqçilik fəaliyyətinə başlayacam.

Rövşən Bayramov və Həsən Əliyev kimi məşqçilərlə birgə millidə gənclərə bilik-bacarığımı çatdıracam”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"