Bakının 40 dərəcə istisində "əsmə" qızdırması

30 İyun 2018 12:24 Dünya çempionatı 715
Bakının 40 dərəcə istisində "əsmə" qızdırması

İtaliya, Hollandiya, Türkiyə, ABŞ, Çexiya və digərlərinin mundialdan kənarda qalması istər futbol, istərsə azarkeş rəngarəngliyi baxımından təsirini göstərir.

Bu azmış kimi hazırkı çempion Almaniya da mundialı erkən, fiasko ilə tərk edir.

Arada stresli həyatımızda yarızarafat oyunlara münasibət bildirir, hətta 41-45 dünya savaşını yada salırıq.

Təbii, futbol baxımından alman uğursuzluğunun səbəbləri var...

Son onilliklərin tarixi ənənəsi pozulmadı, çempion yenidən qrupda qaldı. Baxmayarq ki, Löv arxayınlıqla belə halın onların başına gəlməyəcəyini bildirirdi.

Təsadüf deyil. Çempionlarla kütləvi belə hallar yaşanırsa, deməli ilk növbədə ümumi yanaşmada problem, səhvlər var. Bu tək Almaniya və ya çempion olmuş digər millilərə ayrı-ayrılıqda bağlı deyil.

Mündial dörd ildən bir keçirilir. Futbol baxımından çox uzun müddətdir. Çempionluğu qazanmış futbolçular yaşlanır, formadan düşür, zədə halları olur. Eyni zamanda pik nöqtəyə gəldikdən sonra futbolda mütləq uğur qazandıq rahatlığı ilə "doyma" psixologiyası baş qaldırır. Futbolçuları uzun illər eyni səviyyədə saxlamaq, motivasiya etmək, yenidən eyni titulu qazanmağı aşılamaq mümkünsüz görünür. Milli, klub təfəkkürü fərqlidir.

Klublar hər il eyni titul uğrunda mübarizə aparır, formada qalmağa məcbur olur, psixoloji olaraq təbii motivasiya yaranır. Yığmada isə dünya çempionları maksimum eyni səviyyədə 2 il sonra qitə birinciliyində eyni heyətlə özlərini göstərə bilərlər. Bəzi futbolçular istisna təşkil edir, futbol isə komanda oyunudur...

Peşəkar futbol obyektiv qəddarlığı sevir. Bir çox baş məşqçilər isə uğur qazanmış heyəti dəyişməyi sevmirlər. Futbol, nəticə, gələcək yeni uğurları deyil, çempionluq qazanmış futbolçulara üstünlük verirlər. O səviyyəyə çatmış məşqçilər atdığı addımları gözəl bilirlər.

Riskə gedib heyəti dəyişsələr və uğursuzluq olsa vətən xaini elan olunar, çempionlardan imtina etdiklərinə görə heç kim onları bağışlamaz. Eyni zamanda bir qədər insanlıq telləri də mane olur, bir yerdə titul qazandıqları futbolçuları "vurmur"lar. Əsas isə, psixoloji olaraq riskə getməmək faktorudur. Belədə Löv və ya digərləri, "dünən çempion olduq, indi belə alındı" fəlsəfəsini işə salırlar.

Braziliyanı çıxmaq şərtilə, çempion olmuş bütün millər eyni aqibətlə üzləşdiyi üçün əsas amillərdən biri bu cür yanaşmadır.

İstənilən halda qrupdan çıxmamaq bağışlanmazdır. Heyətə minimum 40-50% yeni nəfəs, "ac" futbolçular lazım idi. U-23-n qalibiyyəti də bunu diqtə edirdi. Müllerlər alman futbolunu zirvələrə daşımışdılar artıq...
Bununla yanaşı alman intizamından əsər-əlamət qalmamışdı. Təsəvvür edin, Noyer hücuma atılaraq özünü sanki vaxtilə İquita kimi aparırdı. Ustalıq səviyyələri yerində olsa da, hiss olunurdu ki, "alman maşını" fiziki, taktiki, psixoloji olaraq çempionata hazır deyil.

İldən-ilə dünya futbolu dəyişir. Ortabab, zəif yığmalar da böyük futbol oynamağı öyrənir, nəhənglərdən çəkinmirlər. Uzun illər öncə təsadüfi nəticələr indi zərurətə çevrilib. Böyük millilər hələ ki, zəiflərin böyüməsini qəbul etmək istəmirlər. Bu da onlara başağrı gətirir. İran, C. Koreya, İslandiya,Mərakeş, Yaponiya, Nigeriya bunu sübuta yetirir...

Dünya çempionatı fonunda Azərbaycan millisi yaxşı motivasiya almalıdır. Millətlər Liqası yaxınlaşır. İspaniya, Almaniya, Argentina, Braziliya, Portuqaliyadan çəkinməyən millilər nümunədir. Nəhənglərin Kosovo ilə bir tərəziyə qoyulması belə mümkünsüzdür. Bakının 40 dərəcə istisində "əsmə" qızdırmasına yoluxulmamalıdır. Qonşumuz İran, uzaq C.Koreyadan inam, güc götürülməlidir. Qarşda Almaniya, İspaniya, İngiltərə deyil, Kosovo, Malta, Farer Adalarıdır.

Böyümək istəməyən yerində sayar...

2020-də Azərbaycanın nəhənglərlə bir sırada olması arzusu ilə...

Tahir Süleymanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti