FIFA Dünya Çempionatının Kubokunun dünya turu çərçivəsində Kubok ilk dəfə olaraq Azərbaycana gətirilib.
Sportinfo.az xəbər verir ki, kubokun Bakı səfəri paytaxta xüsusi təyyarə ilə FIFA-nın nümayəndə heyəti, 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda ali mükafatın qarşılanması ilə başlayıb.
Kubokun Bakı səfəri çərçivəsində yerli KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib.
“İdman dünyasında FIFA Dünya Kubokundan daha çox istənilən və əlamətdar bir mükafat yoxdur. Bu Kubok insanları birləşdirən bir qüvvədir və bunun əhəmiyyətini hər kəs dəyərləndirir.
Kuboku dünya futbol azarkeşlərinə təqdim etmək və “Coca-Cola” ilə yenidən əməkdaşlıq etməyə çox şadıq“, - deyə Kristian Karambö qeyd edib.
“Dünya Kubokunu yaxından görmək, yəqin ki, istənilən futbol azarkeşinin ən böyük arzularından biridir. FIFA kubokun dünya turunu təşkil etməklə dünyanın müxtəlif ölkələrindəki çoxsaylı azarkeşlərə böyük sevinc bəxş edir. Tədbirin Azərbaycanda da keçirilməsi futbolun təbliğatı və azarkeş marağı baxımından xüsusi əhəmiyyət daşıyır”.
Azərbaycana ilk dəfə təşkil olunmuş FIFA Dünya Çempionatının Kubokunun Turu 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 min km məsafəni qətt edərək yolunu futbol üzrə 2018-ci il Dünya Çempionatında yekunlaşdıracaq.
Dünya Çempionatının Kuboku hazırda “Gənclik Mall” ticarət mərkəzində minlərlə futbol azarkeşinə təqdim olunur və şəhərin sakinləri/qonaqları sözügedən ali mükafatla şəkil çəkdirə bilərlər.























