İranın idman naziri Əhməd Dünyamalı hesab edir ki, milli komandanın 2026-cı il dünya çempionatındakı oyunları ABŞ-dən Meksikaya köçürülməlidir.
Komanda.az CNN-ə istinadən xəbər verir ki, o, ABŞ-də keçiriləcək oyunların təhlükəsizlik baxımından riskli olduğunu deyib:
“FİFA dünya çempionatının keçirilməsi hüququnu ABŞ-dən almalı idi. Oyunlar Meksikada baş tutsaydı, bəlkə də bəzi tədbirlər görə bilərdik.
Mundiala cəmi iki-üç ay qalıb, amma biz hələ də müharibə şəraitindəyik, uçuşlar və digər məsələlər xüsusi şərtlərlə həyata keçirilir.
Digər tərəfdən, ABŞ prezidenti İran komandasının təhlükədə ola biləcəyini deyir. Bu cür ziddiyyətli bəyanatlar fonunda biz təbii ki, ABŞ-də futbolçularımızın təhlükəsizliyindən narahatıq.
Meksika və FİFA bizim oyunların Meksikada keçirilməsi üçün şərait yarada bilsə, bu məsələ ilə bağlı addımlar ata bilərik. Ümid edirəm ki, futbolçularımız dünya çempionatında iştirak edə biləcək”.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, “İran komandası dünya kubokunda xoş qarşılanacaq, amma düşünmürəm ki, onların orada olması öz həyatları və təhlükəsizliyi baxımından uyğundur”.
DÇ-2026 bu ilin yayında ABŞ, Meksika və Kanadada keçiriləcək.

