Milli komandaların hər dördillik üçün ən mühüm yarış olan Dünya Kubokununbütün iştirakçıları bəlli olub.
2018-ci ildə iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil ediləcək mübarizəyə yollanacaq 31 komanda sırasına Avropadakı seçmə pley-offdan sonuncu 4 vəsiqə sahibinə çatıb:
9 noyabr və 12 noyabr:
Xorvatiya – Yunanıstan 4:1 və 0:0
Şimali İrlandiya – İsveçrə 0:1 və 0:0
10 noyabr və 13 noyabr
İsveç – İtaliya 1:0 və 0:0
11 noyabr və 14 noyabr
Danimarka – İrlandiya 0:0 və 5:1.
Bu mərhələnin də öz sensasiyası var. İtaliya millisi son 60 illik tarixində ilk dəfə mundialdan kənar qalacaq. Bu, ilk axışda, böyük futbolun itkisi sayıla bilər. Lakin dəyişən dünya futbolunun mövcud mənzərəsinə nəzər yetirəndə, bu, son seçmə mərhələnin obyektiv qanunauyğun nəticəsidir.
İtaliya bu yarışda ən sönük bir dövrünü keçirdi. Komanda ətalət içində, sadəcə, səviyyə fərqinə görə qrupunda pley-offa vəsiqə verən yeri tuta bildi. Amma isveçlilərlə tam perspektivsiz oyun bu komandanın uğursuzluğuna apardı.
Bu turnir bəlkə də tarixdə futbolun gəlib-getmiş ən maraqlı şəxsiyyətlərindən biri, ən güclü qapıçılar qalereyasında öz yerini əbədi tutacaq Canluci və ya sadəcə, «Cici» Buffonun son futbol arzusunun ürəyində qalması və nisgilli kədər notlarına köklənmiş göz yaşları ilə xatırlanacaq.
Bununla belə, futbol bir nəfərin ariyası deyil, komanda simfoniyasıdır. İtaliya millisi istər məşqçi, istərsə oyun baxımından, heç olmasa, futbolçularının potensialının yarısı səviyyəsində də oyun göstərmədi.
Belə olduqda isə, İtaliya itkisini nəzərə almasaq, qarşıdakı dünya «sammit»ində təkcə Avropadan kifayət qədər maraqlı komandaları izləmək imkanımız olacaq. «Əski dünya»dan Belçika, Almaniya, İngiltərə, İspaniya, Polşa, Serbiya, Portuqaliya, Fransa, habelə tarixdə ilk dəfə İslandiya da vəsiqə qazanıblar.
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) zonasının da öz sürprizi var: Panama ilk dəfə mundial iştirakçıları arasındadır. Ondan savayı, Meksika, Kosta Rika da uzaq səfərə hazırlaşanlar cərgəsindədirlər.
Afrikanın vəsiqələri Tunis, Nigeriya, Mərakeş, Seneqal və Misirə qismət olub. Digər qitələrarası pley-offlarda keçirilmiş son vəsiqələr uğrunda mübarizənin yekunları belədi:
11 noyabr və 15 noyabr
Honduras – Avstraliya 0:0 və 1:3
11 noyabr və 16 noyabr
Yeni Zelandiya – Peru 0:0 və 0:2.
Cənbui Amerikadan (KONMEBOL) ənənə üzrə bütün çempionatların yeganə iştirakçısı Braziliya, son anda bu vəsiqədən yapışmış Argentina, həmçinin Uruqvay və Kolumbiya ilə yanaşı, dünya pley-offunda qalib gəlmiş Peru Rusiyaya gedirlər.
Asiyanın da əsas mübarizədən Rusiya yolçuları bilinir: İran, Koreya Respublikası, Yaponiya və Səudiyyə Ərəbistanı və regional pley-offda Suriya qalib gəlmiş Avstraliya.
11 şəhərin 12 stadionunda (Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Kazan, Kalininqrad, Soçi, Yekaterinburq, Volqoqrad, Rostov-Don, Samara və Saransk) keçiriləcək final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan komandaların qrup yarışının püşkü üçün hər şey məlumdu.
Dekabrın 1-də Rusiya paytaxtı Moskvanın Dövlət Kreml Sarayında keçiriləcək püşkaatma mərasimindən sonra şansların ilk dəyərləndirilməsini də aparmaq olar. Onu da əlavə edək ki, komandaların 16 oktyabr reytinqi əsas götürüləcək. Bu reytinqə əsasən səbətlər belədi:
1-ci - Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;
2-ci - İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya;
3-cü - Danimarka, İslandiya, Kosta Rika, İsveç, Tunis, Misir, Seneqal, İran;
4-cü - Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Koreya Resp., Səudiyyə Ərəbistanı.
BATI YAR

