DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında pley-off mərhələsinin oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Xorvatiya millisi Yunanıstan yığmasını qəbul edib. Cütün favoriti olan xorvatlar evdə keçirdiyi ilk oyunda böyük üstünlük əldə ediblər.
Belə ki, 5 qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağınla qalib gəliblər. Bu qələbədən sonra xorvatların DÇ-2018-ə vəsiqəni böyük ölçüdə təmin etdiyini demək olar.
Digər cütdə isə millimizin də yer aldığı C qrupunu 2-ci pillədə başa vuran Şimali İrlandiya yığması İsveçrə seçməsini qəbul edib.
Bu görüşün taleyini isə 1 qol həll edib. İsveçrəlilər penaltidən vurduqları yeganə qol sayəsində səfərdən çox önəmli qələbə ilə ayrılmağa nail olublar.
Pley-off mərhələsinin ən çox maraq doğuran qarşılaşmalarından biri ikinci oyun günündə keçiriləcək. İsveç və İtaliya Stokholmda münasibətlərinə aydınlıq gətirəcəklər. Mərhələnin ilk oyunlarına noyabrın 11-də keçiriləcək Danimarka - İrlandiya matçı ilə yekun vurulacaq.
Şimali İrlandiya - İsveçrə 0:1
Qol: R.Rodriqes, 58-pen.
Xorvatiya - Yunanıstan 4:1
Qol: Modriç, 13-pen. Kaliniç, 19. Perişiç, 33. Kramariç, 49 - Soktatis, 30.
10 noyabr
23:45 İsveç - İtaliya
11 noyabr
23:45 Danimarka - İrlandiya

