"Quliyevdən xahiş etdik ki, onun rəhbəri olsun”

27 Dekabr 2019 17:28 Cüdo 798
"Quliyevdən xahiş etdik ki, onun rəhbəri olsun”

“Yüksək mükafatlar idmançılar üçün çox vacibdir, onlar buna xeyli sevinirlər. Buna görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Mükafatlandırmalar gələn il də davam edəcək”.

Sportinfo.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Nazir gələn il Tokio Yay Olimpiya Oyunlarına 50 lisenziya qazanmağı hədəflədiklərini bildirib.

O, ilk dəfə üzgüçülük növündə lisenziyanın əldə olunduğunu vurğulayaraq badminton, kamandan oxatma kimi yeni növlərdə də vəsiqələrin qazanılacağına ümid etdiyini əlavə edib.

Nazir hazırda güləş və avarçəkmədə lisenziya sarıdan vəziyyətin qaneedici olmadığını söyləyib: “Cüdodan qızıl medal gözləyirəm. Boksdakı vəziyyətdən razı deyiləm. Ümid edirəm ki, gələn il bu vəziyyət düzələcək".

A.Rəhimov Rusiyanın antidopinq qaydalarının pozulmasına görə cəzasının Azərbaycana təsir etməyəcəyini diqqətə çatdırıb:

“Orada siyasi məsələ də var. Ümumdünya Antidopinq Agentliyinin (WADA) rəhbəri Kreyq Ridi ilə dostam. Amma dostluq belə məsələlərdə keçmir. İdmanda dopinq problemi olmamalıdır”.

A.Rəhimov federasiyaların işlərinə qarışmadıqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, medalların sayı əslində 775-dən çoxdur:

“Amma federasiyaların təqdim etdikləri medal sayında bəziləri nəzərə alınmır. Çünki dünya çempionatında iştirakçı ölkə sayı 10-u keçmir. Onlar nəzərə alınsaydı, medal sayı bundan 200 medal çox olardı”.

Nazir Gəncə şəhər stadionundakı vəziyyətlə bağlı da danışıb: “Bütün regionlardan gələn sifarişlər bizdə var. Məsələn, Qəbələnin Vəndam kəndində idman zalı yoxdur. Bizə gələn sifarişləri İqtisadiyyat Nazirliyinə göndəririk.

Onlar da harada tikintinin aparılmasına qərar verirlər. Sumqayıt və Gəncə stadionlarında təmir işləri müvafiq icra hakimiyyətinə təqdim olunub. Gəncədə Olimpiya Mərkəzinin yanında 20 min nəfərlik stadionun tikintisi planlaşdırılırdı. Amma sonradan köhnəsinin yenilənməsi qərara alındı”.

A.Rəhimov bildirib ki, şərq döyüş növləri üzrə qurum yaratmağı lazım biliblər: “2006-cı ildə karate üzrə müxtəlif qurumlardan məktublar gəlirdi. Qərara aldıq ki, şərq döyüş növləri üzrə qurum yaradaq. Ülvi Quliyevdən də xahiş etdik ki, onun rəhbəri olsun”.

Digər Xəbərlər
Xəbər Lenti